“Bu dəfə Qarabağda “yer-yer” raketləri işə düşəcək...”

“Bu dəfə Qarabağda “yer-yer” raketləri işə düşəcək...”
Siyasət 2422

Mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu aprel döyüşləri ilə bağlı hesabat yayıb.  

BAKU.WS-in Virtualaz.org-a istinadən verdiyi məlumatına görə, hesabatda deyilir ki, hər iki tərəfdə güclü millətçi əhval-ruhiyyə yaradan aprel döyüşlərində reaktiv yaylım atəşi sistemləri, tanklar, zərbə pilotsuz uçan aparatları  yaxşı hazırlıq görmüş xüsusi təyinatlı qüvvələr istifadə edilib. Azərbaycan kiçik, ancaq strateji baxımdan çox mühüm əraziləri azad edib. Hər iki tərəfdən cəmi 200-ə qədər insan itkisi olub.

Mərkəz qeyd edir ki, aprelin əvvəllərində döyüş əməliyyatlarının başlaması haqda xəbərlər gələndə bir çox ölkələrin xarici işlər nazirləri divarlarından asılmış xəritələrdə Dağlıq Qarabağın harada yerləşdiyini tapmağa çalışırdılar. Çünki bu münaqişəni çoxları yaddan çıxarmışdı və onun dondurulduğunu düşünürdü. Ancaq 2016-cı ilin yazında baş verənlər göstərdi ki, belə deyil.

Hesabatda xatırladılır ki, aprelin əvvəllərində hücum əməliyyatları təmas xəttinin iki istiqamətində-şimal-şərq və cənub istiqamətlərində cərəyan edib. Azərbaycan ordusu artilleriya hazırlığı aparıb, qəfil zərbələr təmas xəttindəki erməni qüvvələri arasında panika yaradıb. Ağdərə və Cəbrayıl istiqamətlərində artilleriya, reaktiv yaylım atəşi sistemləri, tanklar və döyüş vertolyotları ilə dəstəklənən həmlədə sürətli və güclü zərbə ilə Ermənistan ordusunun müdafiə xətti dağıdılıb. Strateji mühüm istiqamətlərdə yaxşı hazırlıq keçmiş xüsusi təyinatlılardan istifadə olunub. Ermənistan ordusu üç gün ərzində itirilmiş mövqeləri geri qaytarmağa çalışsa da buna müvəffəq olmayıb. Beynəlxalq Böhran Qrupu xatırladır ki, hərbi əməliyyatlar başlayan kimi Rusiya tərəfləri atəşkəs rejiminə qaytarmaq üçün güclü təzyiqlər göstərib. Azərbaycanla sərhəddə, Dağıstanda Rusiya qüvvələri təlimə çıxarılıb, Putin prezidentlərə zəng vurub. Nəhayət tərəflər hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə ediblər.

Hesabata əsasən aprel döyüşlər aparıcı beynəlxalq oyunçuların münaqişənin dinc həllinin tapılmasına səyləri cəmləşdirməli olduğunu bir daha göstərdi. Hansı ki, çoxları bu münaqişəni səhvən "dondurulmuş” hesab edirdilər. Beynəlxalq Böhran Qrupunun analitikləri apreldə hərbi əməliyyatların dayandırılmasına baxmayaraq münaqişənin yenidən və daha iri miqyasda alovlanması riskinin olduqca yüksək olduğunu qeyd edir. Bildirilir ki, hərbi əməliyyatlar yenidən başlasa aprel döyüşlərindən daha iri miqyaslı və daha dağıdıcı olacaq.

Hesabata əsasən bu dəfə döyüşlərdə yüzlərlə kilometr radiuslu "yer-yer" tipli raketlərdən istifadə riski mövcuddur, dinc sakinlər arasında itkilər isə yüksək olacaq.  Analitiklərin rəylərinə görə 25 il əvvəllə müqayisədə, aprelin əvvəlində Ermənistan və Azərbaycan cəmiyyəti münaqişəni hərbi yolla həll etməyə daha çox meyilli idi.

Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü ölkələrin rolunu şərh edərkən BBQ Rusiyanın özünü əsas vasitəçi və təhlükəsizlik qarantı kimi gördüyünü vurğulayır: "Rusiya Ermənistanla sazişlərə əsasən özünü təhlükəsizliyin qarantı kimi göstərir. Türkiyənin isə Azərbaycanla hərbi əməkdaşlığı, vacib enerji əməkdaşlığı, sıx siyasi və iqtisadi münasibətləri var. Moskva və Ankara arasında əlaqələr gərgindir. İran isə hələ də regiona yanaşmasını müəyyənləşdirir, amma regionda böyük rol oynamağa çalışır. Burada maraqlar Dağlıq Qarabağ münaqişəsində irəliləyiş baxımından eynilik təşkil edir. Ancaq özünü əsas vasitəçi kimi görən Moskva təsir zonası hesab etdiyi regionda mövqelərini gücləndirməyə çalışır".

Beynəlxalq Böhran Qrupu bu qənaətdədir ki, münaqişənin tezliklə həll edilməsinə nail olmaq üçün Minsk Qrupunun hər üç həmsədr ölkəsi yüksək səviyyədə danışıqlar prosesinə cəlb olunmalıdır.

"Həmsədrlər tərəfələrə təzyiq göstərərək onları güzəştlərə məcbur etməli, xüsusən də Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərini qaytarmasına, Azərbaycanın isə Dağlıq Qarabağa beynəlxalq səviyyədə dəstəklənən güclü təhlükəsizlik qarantiyası və aralıq status verilməsinə razı salmalıdır”-hesabatda deyilir.

Avropa İttifaqının roluna gəlincə, təşkilat Aİ-nin ATƏT-in Minsk qrupunu dəstəkləməyə davam etməsinin lazım olduğunu qeyd edir: "Aİ münaqişədən sonrakı dövrdə nə kimi yardım göstərə biləcəyini düşünməlidir".

Sonda BBQ bəyan edir ki, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu gələcək sülhməramlı missiya ilə bağlı işləri gücləndirməlidir: "Bu məsələ ətrafında çoxlu siyasət işləri olacaq, amma planlaşdırmanı sürətləndirmək üçün müzakirələr aparılmalıdır".

BAKU.WS

Son xəbərlər