Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...
Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspert, "Qara Bağ” kitabının müəllifi Tomas de Vaal münaqişə ətrafındakı vəziyyətə dair yeni məruzə ilə çıxış edib.
Virtualaz.org xəbər verir ki, məruzə Carnegie Europe fondunun saytında yerləşdirilib. Tomas de Vaal bu fondun baş elmi əməkdaşıdır.
Müəllif yazır ki, aprel döyüşləri 1994-cü ildən bəri ən ağır toqquşmalar idi. Ancaq ermənilərin təqdim etdiyinin əksinə olaraq Azərbaycanın tammiqyaslı hərbi hücumu deyildi. Hansı ki, Azərbaycan işğal altındakı ərazilərini geri qaytarmaq üçün müntəzəm olaraq güc tətbiqi hədələri ilə çıxış edir.
"Böyük ehtimalla bu döyüşlər Bakının status-kvonu silkələmək, münaqişəni beynəlxalq gündəmə gətirmək və erməni tərəfinə təzyiqləri artırmaq cəhdi idi. Azərbaycan ordusu bu döyüşlər zamanı iki yüksəkliyi geri alıb. Onlardan biri Lələ təpə İran sərhədlərindən 3 mil məsafədə yerləşir və müəyyən strateji əhəmiyyətə malikdir. Bu döyüşlər həmçinin azərbaycan cəmiyyətini milli bayraq ətrafında birləşdirdi və iqtisadi çətinlikləri unutdurdu”-Tomas de Vaal özünün "Qafqaz əsirləri: Qarabağda təhlükəsizlik dilemmasının həlli” adlı məruzəsində yazır.Müəllif qeyd edir ki, aprel döyüşləri Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik boşluğunu üzə çıxardı. Mayın 16-da ABŞ, Rusiya və Fransa Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşünü təşkil edərək bu boşluğu doldurmağa çalışıb. Həmin görüşdə razılaşdırılıb ki, tərəflər atəşkəsin monitorinqinin möhkəmləndirilməsinə dair təklifləri qəbul edirlər və münaqişənin nizamlanması üçün danışıqlara başlayırlar.
Gözlənilir ki, bu danışıqlarda 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən redaktə edilən, 2011-ci ildə Kazanda prezidentlərə təqdim olunan təkliflər müzakirə olunacaq.
Müəllifə görə danışıqların növbəti raundu haqda razılaşma əldə olunsa da yeni toqquşmaların alovlanması riski yüksək olaraq qalır. Tomas de Vaal yazır ki, Dağlıq Qarabağ ətrafında təhlükəsizlik dilemması hökm sürür. Belə ki, erməni tərəfi Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal altında saxlayaraq bununla öz təhlükəsizliyini təmin etdiyini irəli sürür, əslində isə bu vəziyyət gərginliyin artmasına və hər iki tərəfin təhlükəsizliyi üçün təhdidlərə gətirib çıxarır.Eksper qeyd edir ki, ermənilər ətraf rayonları işğal altında saxlamaqla yanaşı bu ərazilərin geri qaytarılmasının mümkünlüyü haqda da getdikcə az danışırlar. Əksinə, həmin ərazilərə erməni adları verirlər və orada məskunlaşma aparırlar. Azərbaycanda isə belə vəziyyətdə Dağlıq Qarabağa yüksə muxtariyyət statusunun verilməsinin mümkünlüyü haqda danışanlar azalıb, bu ərazilərin hərbi yolla geri alınmasına çağıranlar artıb. Tomas de Vaal xatırladır ki, 2015-ci ilin sonlarında müdafiə naziri Zakir Həsənov 2016-ci ildə Qarabağ torpaqlarının işğalçıların ayaqları altında od tutub yanacağı haqda xəbərdarlıq etmişdi.
Tomas de Vaal hesab edir ki, bu təhlükəsizlik dilemmasını aşmaq üçün möhkəm beynəlxalq razılaşma lazımdır. 1994-cü ildə imzalanmış atəşkəs razılaşması münaqişə tərəflərinin razılaşdırdığı yeganə sənəddir, ancaq o da yarımçıqdır. Çünki tərəflər atəşkəs razılaşmasını imzalayanda razılaşdırmışdılar ki, bir ay ərzində münaqişə zonasında sülhməramlıların və ATƏT missiyasının yerləşdirilməsinin "hərbi-texniki” həllinə dair siyasi razılaşma hazırlanacaq.Müəllif xatırladır ki, həmin vaxt Moskva öz sülhməramlılarını Qarabağa yerləşdirməyə cəhdlər edib. Ancaq hər iki tərəf buna qarşı idi. Erməni jurnalist Tatul Hakobyan "Yaşıl və Qara” adlı kitabında yazırdı ki, öz ərazilərindən axırırıncı rus əsgərlərini çıxaran Azərbaycan tərəfi Rusiya sülhməramlılarının yerləşdirilməsinə qəti şəkildə qarşı idi. Heç ermənilər də bunu istəmirdilər. Hakobyan Qarabağdan olan erməni "rəsmisi” Manvel Sərkisyandan sitat gətirərək onun azərbaycanlı diplomat Tofiq Zülfüqarovla rusları münaqişə zonasına buraxmamaq üçün necə işlədiklərini xatırladıb.Tomas de Vaala görə aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin gələcəyinin necə olacağını proqnozlaşdırmaq çətindir. Ya yeni siyasi proses başlayıb nəticələr verəcək, ya böyük müharibə olacaq. Onun fikrincə, regionda emosiyalar olduqca yüksəkdir və atəşkəs rejimi çox kövrəkdir. Müharibə isə təhlükəli məcara olardı və çoxlu insan həyatı bahasına başa gələrdi. "Bir məsələ aydındır ki, müharibənin yeni raundunu dayandırmaq əvvəlki toqquşmalar kimi mümkün olmayacaq. Ehtimal ki, bu müharibə daha geniş coğrafiyanı əhatə edəcək, daha dağıdıcı silahlar işə düşəcək, daha çox qan axacaq”-Tomas de Vaal yazır.
Ekpert hesab edir ki, təhlükəsizlik vakuumunu ancaq münaqişənn həllinə aparan uzunmüddətli beynəlxalq təkanla doldurmaq olar. Bura münaqişə zonasında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair razılaşma da daxildir. Tomas de Vaalın fikrincə, təhlükəsizlik qarantiyası olmadan münaqişənin siyasi həllinə dair razılaşma üzərində işləmək çətindir.
BAKU.WS
Oxşar xəbərlər
ŞOK PROQNOZ: Qarabağda böyük müharibə başlayacaq
"Rusiyanın yüksək çinli məmurları məsələyə müdaxilə edib, aprelin 5-də atəşkəs elan olunmasına nail oldu. Lakin ondan sonra çox az iş görülüb". "Report" "Polit...