SİZİN REKLAM BURADA!
055 213 76 73



26-29 iyul tarixlərində Bakıda “JARA-2018” Beynəlxalq Musiqi Festivalı baş tutdu. Gün batan cağı parlaq, təkrarolunmaz rənglərə bürünən dörd unudulmaz gün, həm yerli, həm də xarici ulduzların əsrarəngiz şousu, həmçinin minlərlə tamaşaçı bu günləri yaddaqalan etdi. Musiqi bayramında iştirak edən müğənnilərdən biri də Soqdiana idi. Bakıda ilk dəfə qonaq olan tanınmış rusiyalı müğənni, yaradıcılığının bir çox maraqlı məqamları haqqında eksklüziv olaraq,
BAKU.WS saytına danışdı.


- Bakıya xoş gəlmisiniz. Deyə bilərsinizmi, paytaxtımıza gəlməmişdən əvvəl, Bakı sizdə hansı təəssüratlar yaradırdı?


- Şəhəriniz haqqında çox eşitmişəm. Hər kəs hər zaman bu şəhər haqqında böyük heyranlıqla danışırdı, deyirdilər ki, bura çox gözəl, isti və dadlıdır. Mən dərhal başa düşdüm ki, bura qeyri-adi memarlıq abidələri ilə zəngin, çox inkişaf etmiş bir şəhərdir. Bu belə də oldu.

- “Jara” Beynəlxalq Musiqi Festivalına gəlişinizlə bağlı nə deyə bilərsiniz?


- Gəlişimə çox şadam. Mən ilk dəfədir ki, Bakıya, ümumiyyətlə, Azərbaycana gəlirəm. Şadam ki, buna bəhanə məhz “Jara” festivalı oldu. Biz burada gözəl işgüzar səfərdəyik. Festival bizə müsbət, rəngarəng emosiyalar və yeni yaradıcılıq gücü verir. Çox şadıq ki, bu festival sayəsində bizi dinləyəcəklər. “Jara” – hazırda həm Rusiyada, həm də Avropada ən qabaqcıl musiqi festivallarından biridir. Festivalın cəmi üç yaşı var, amma bu qısa vaxt ərzində liderliyi ələ ala bilib. Bu əlbəttə ki, festival təşkilatçılarının böyük zəhmətidir. Buna görə də bütün artistlər bu festivalda iştirak etmək istəyir.

                                              Xalq artisti Emin Ağalarov və müğənni Soqdiana

- Emin Ağalarovla çoxdan tanışsınız?

- İlk dəfə iki il əvvəl Moskva şəhərində tədbirlərin birində tanış olmuşuq. Bilirsiniz, insan haqqında onun əməlləri və işləri danışır. O, təkcə biznes imperiyası qurmur, həm də musiqi biznesini inkişaf etdirir, öz musiqi imkanları ilə həmkarları ilə paylaşır. Mən və uşaqlarım onun uşaqlar üçün təşkil etdiyi bayramlarda məmnuniyyətlə iştirak edirik. Eminin insanlar üçün etdiyi yaxşılıqları, onlara xoş münasibətini görəndə heyrətlənməmək mümkün deyil. İnsanları ilhamlandırır!

- Bildiyim qədər, siz milliyətcə ukraynalısınız. Amma sizin mahnılarınız, səhnə obrazınız Şərq abu-havasına bürünüb. Siz bunu necə izah edərdiniz?

- Mən Şərqdə, Özbəkistanda doğulmuşam. Elə bir mühitdə böyümüşəm ki, orada məni hər zaman şərq musiqisi, ədəbiyyatı əhatə edib. Hətta məktəbdə özbək dilini öyrənmişəm. Ona görə bunların hamısı mənə çox əzizdir. Mən Şərq abu-havası ilə yoğrulmuşam. Özümü Şərq qadını hesab edirəm. Hətta Azərbaycanla məni bir məqam bağlayır. İş ondadır ki, bir neçə il əvvəl mən “Sən gəlməz oldun” mahnısına vurulmuşdum (mus: Ələkbər Tağıyev – red.) Bu musiqi emosiya və hisslərlə o qədər zəngindir ki, mənim ürəyimə və ruhuma tamamilə yatdı. Bu musiqi məni o qədər ilhamlandırdı ki, ona rus dilində mətn yazdım. Repertuarımda bu mahnı “Vspominay menya” (“Вспоминай меня”) adlanır. Nədənsə, əmin idim ki, bu azərbaycan xalq mahnısıdır. Sonradan məlum oldu ki, mahnının bəstəkarı var və bütün müəlliflik hüquqları onun varislərindədir. Mən isə artıq bu mahnını oxumuşdum, hətta klip də çəkmişdim. Amma mahnının varisləri mənim bu istəyimi anlayışla qarşılayıb, mahnını oxumağa icazə verdilər və buna görə də onlara çox minnətdaram. Yeri gəlmişkən, bu mahnını Azərbaycan dilində də oxumuşam. Həmçinin, mən onu “Muz TV”-nin Bakıda təşkil etdiyi konsertində də ifa etdim. Bütün zal mənimlə bərabər oxuyurdu.



- Sizin adınızı eşidən kimi, “Sineye nebo” (“Синее небо”) və “Serdse-maqnit” (“Сердце-магнит”) mahnıları yadıma düşür. Bu mahnılar Azərbaycanda da çox məşhurdur. Maraqlıdır, onlar necə yaranıb?

- “Serdse-maqnit” (“Сердце-магнит”) mahnısı məşhurlaşmamışdan daha əvvəl mənim həyatımda idi. O, uzun müddət evimdəki rəflərin birində qalmışdı, onu heç kim istəmirdi: nə qulaq asmaq, nə götürmək, hətta radioda belə səsləndirmirdilər. Amma mənim üçün onun xüsusi yeri var idi, çünki ona öz enerjimi sərf etmişdim və anlayırdım ki, o, rəfdə qalmaq üçün yaranmayıb. Daha sonra isə bizim müdrik, gözəl prodüserimiz V.Y.Drobış “Fabrika zvyozd”un (“Фабрика звезд”) hesabat konsertində onu oxumağıma icazə verdi. Hesabat konsertlərindən, böyük efirlərdən sonra mahnılar radiolara verilirdi. Amma o vaxt mahnımı radioların formatına uyğun bilmədilər. Mən isə Daşkənddən yenicə gəlmişdim, formatın nə olduğunu bilmirdim və radiolarda hansı mahnıların səslənib-səslənməməyi barədə anlayışım yox idi. Final konsertimiz “Olimpiyski” idman kompleksində keçirilirdi. Səhnədə çıxışım zamanı bütün “Olimpiyski” mahnını sözbəsöz mənimlə bərabər oxuyurdu. Bir müddət sonra “Serdse-maqnit” (“Сердце-магнит”) həmin ilin ən populyar mahnıların üçlüyünə daxil oldu! Onun ardınca “Sineye nebo” (“Синее небо”) mahnısı işıq üzü gördü. Bizə əla bir hit lazım idi. Eyni partlayışı təkrarlamaq çətindir. Biz bu mahnının mətnini üç dəfə dəyişmişdik. Nəhayət, İnessa Kaminskaya mətn yazdı və onu təsdiqlədilər. Bu mahnı da xalq tərəfindən çox bəyənildi. “Sineye nebo”nun işıq üzü görməsindən on bir il ötdü və bu yaxınlarda biz İnessa Kaminskaya ilə yeni mahnı hazırladıq. Ola bilsin ki, o sinql şəklində bu il işıq üzü gördü. Mahnının bəstəkarı isə dostum və həmkarım Brendon Stoundur.

                                                         Müğənni Soqdiana Bakı şəhərində 

- Azərbaycanın hansı ulduzlarını tanıyırsınız?

- Xəyyam Nisanovu. Biz onunla tez-tez eyni tədbirlərdə çalışırıq. Bahh Tee-nin də yaradıcılığı ilə tanışam. Jah Khalib-i isə kəşf edəndən sonra heyran qaldım! Onun ifası mənim ürəyimin səsinə səs verir!

- Yaradıcılığınızda ən əsas nailiyyətiniz nədir?

- Ümidvaram ki, ən əsas nailiyyətim qabaqdadır. Amma bu gün mənim nailiyyətim tamaşaçımın, mahnılarımın, səhnədə öz yerimin və auditoriyamın olmasıdır. Artist üçün ən vacib – tamaşaçıdır. Xatırlayıram ki, “Fabrika zvyozd”un finalına vəsiqə qazana bilmədiyim üçün hönkür-hönkür ağlayırdım. Elə həmin gün Tarkanla çəkilişimiz olmalı idi. Göz yaşlarımı saxlaya bilmədiyimə görə səhnəyə çıxmadım. “Fabrika” bizim dünyamız idi və başqası mövcud deyildi. Mənə elə gəlirdi ki, həyat bitdi. Sonradan Tarkan yazırdı ki, “Fabrika”da çıxış etmək onun çox xoşuna gəlib, amma dəhlizdə ağlayan qızı görmək ona çox pis təsir etdi. O, bu sözləri mənim haqda demişdi. Mən isə onu heç görməmişdim. Sonra Y.V. Aksüta məni sakitləşdirərək dedi: “Finala çatıb-çatmamaq vacib deyil. Əsas odur ki, layihədən sən nə ilə və necə çıxırsan. Əliboş çıxmırsan, yəni mümkün olanı etmisən”. Həqiqətən də müğənnini məşhur edən mahıdır. Nə qədər də özümüzü piar etsək, xəbərlər üçün maraqlı başlıqlar fikirləşsək, yenə də əsas mahnıdır.

                                          Müğənni Soqdiana "JARA - 2018" Beynəlxalq Musiqi Festivalında

- Üçillik fasilədən sonra, siz 2014-cü ildə böyük səhnəyə qayıtdınız. Adətən, idmançılar yenidən məşqlərə başlayanda əzələləri ağrayır. Bəs, sənət adamları ilə nə baş verir?

- Gözəl sualdır! Bu vaxt ərzində dəqiq başa düşdüm ki, başqa cür bacarmıram və davam etməliyəm. Amma mən işə birdən yox, yavaş-yavaş başladım. Dərhal başa düşmürsən ki, sənə nə lazımdır, nə etməlisən, amma anlayırsan ki, mütləq nə isə etməlisən. 2016-cı ildə elə bir məqam oldu ki, komanda üzvlərimin hərəsi bir yerə dağıldı. Başa düşdüm ki, bizim bərabər iş birliyimiz başa çatıb və nə qədər çətin səslənsə də, özümə başqa komanda axtarmalıyam. Yarı yolda dayana bilməzdim və özümü hər şeyin yaxşı olacağına inandırırdım. Başqa cür olacaq. Daha yaxşı olacaq. Mən buna inanırdım. Elə də oldu. 2017-ci ilin dekabrından biz yeni komanda ilə işə başladıq! Görürəm ki, onlar mənə nəyin lazım olduğunu başa düşürlər. Onlar mənə inanır və bu da mənə güc verir.

- Sizin tərcümeyi-halınızı oxudum və fikir verdim ki, siz musiqiçi ailəsində anadan olmamısınız. Hər şey necə başladı və siz məqsədinizə doğru necə addımladınız?

- Anam tibb işçisidir, atam isə dəmir yolu ixtisasını bitirib. Ailəmizdə yeganə oxumağı bacaran insan isə kilsə xorunda ifa edən nənəm idi. Halbuki, anamın da çox yaxşı səsi var idi. Anam daim yanımda oxuduğuna görə bu öz növbəsində mənə təsir göstərdi. Artıq səhnəyə çıxmaq arzusunda idim. Televizorda Alla Puqaçovanı görəndə donub qalırdım. Anamın azərbaycanlı rəfiqəsi ona məsləhət gördü ki, məni musiqi məktəbinə yazdırsınlar. Beləliklə, məni konservatoriyanın nəzdindəki musiqi məktəbinin fortopiano sinfinə verdilər. Həyat yolumu bir azərbaycanlı müəyyən etdi! Yeddi yaşında ilk müsabiqələrim və uğurlarım başladı. Atam çox xoşbəxt idi. Altı il ərzində bütövlükdə klassik musiqinin içində idim. Klassikanı öyrəndiyim üçün çox şadam. Yavaş-yavaş məktəb konsertlərində çıxış etməyə, vokal üzrə fakültətiv məşğələlərə başladım və on birinci sinfin sonunda ilk albomum çıxdı. Konservatoriyaya qəbul olarkən, mən estrada vokalı ixtisasını seçdim.

                                 BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və müğənni Soqdiana

- Oksana necə Soqdina oldu? Fikirləşirdiniz ki, Oksana adı ilə səhnədə məşhurlaşa bilməyəcəksiniz?

- Qeyd etdiyim kimi, mən özümü Şərq qadını kimi hiss edirəm və mahnılarım da Şərq abu-havasındadır. Oksana adı ilə şərq üslubunda oxumaq mənə narahatlıq yaradırdı. Bir neçə il özümə səhnə adı axtarırdım və tapdım. Müsabiqələrə gedərkən, mən Özbəkistanı Soqdiana adı ilə təmsil etməyə başladım. Bütün tanışlarım məni belə çağırmağa başladı və bu mənim ikinci adım oldu. Öz adımdan çox Soqdiana adına hay verirdim. “Fabrika”ya gedəndə V.Y. Drobış xahiş etdi ki, mən Soqdiana kimi yox, Oksana adı ilə çıxış edim. Razılaşmadım, çünki bu halda mən “mən” olmayacaqdım. Davamlı şəkildə müqavimət göstərirdim və sonda o razılaşdı. Buna görə ona çox minnətdaram. Anamın qızlıq soyadını götürərək, Soqdiana Fedoritskaya oldum. Üçüncü konsertdən sonra Yana Çurikova məni təqdim edəndə, artıq, soyadımı çəkmirdi. Səhnə adım özü-özlüyündə təsdiqləndi. Necə olmalıdırsa, elə də oldu. İndiyədək Soqdianayam və mən bunu artıq ikinci adım hesab etmirəm.
            
- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Planlarım böyükdür: sentyabrda yeni albomum çıxacaq. O, möhtəşəm bir mahnı ilə başlayacaq, hansına ki, tezliklə klip çəkəcəyik. Turne etmək fikrindəyik, ümidvaram ki, komandamla bərabər Bakıya da gələcəyik! Hal-hazırda proqram üzərində fəal iş gedir. İstərdim ki, tamaşaçını Şərqin ovsununa salaq. Axı hər mahnı ayrıca bir tarixdir, dinlədikcə yaşayırsan.

Hüseyn Məmmədsalahov
BAKU.WS