VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə dönüb. Hazırda Azərbaycan da daxil olmaqla bir neçə ölkə Türkiyəyə bu çətin günlərində maddi və mənəvi dəstək nümayiş etdirir.

Qardaş Türkiyəyə mənəvi dəstək olanlar arasında yerli məşhurlarımız da var. Onlar sosial şəbəkə hesablarında yanğınlardan müxtəlif fotolar və görüntülər paylaşaraq türk xalqının yanında olduqlarını bildiriblər.

BAKU.WS azərbaycanlı məşhurların sözügedən paylaşımlarını təqdim edir:

Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yanğından fotolar paylaşaraq bunları əlavə edib: “Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya. Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin. Qardaş Türkiyə üçün dua edirik. Bütün dünyanı yardım etməyə çağırıram. Türkiyəni tək qoymayaq”.

Əməkdar artist Nüşabə Ələsgərli isə “Təbiətə, insanlığa, Türkiyəyə qalxan əllər qırılsın! Dualarımız səninlədir, Türkiyə!” - paylaşımını edərək qardaş ölkənin yanında olduğunu nümayiş etdirib.

Xalq artisti Tünzalə Ağayeva da Türkiyəyə dəstək olan ifaçılardandır. O, sosial şəbəkədə “Qardaş Türkiyə, dualarımız səninlədir, Allahın köməkliyi ilə yanğın tez zamanda söndürülər. Amin” sözlərini yazıb.

Əməkdar artist Elton Hüseynəliyev də bununla bağlı paylaşım edib. O, yanan ərazidə tüstü dumanında qalan mal-qaranın görüntülərini paylaşaraq “Allah kömək olsun” şərhini yazıb.

Müğənni Günel Zeynalova isə “İçimiz yanır, canım Türkiyə” sözlərini yazaraq yanğınlar zamanı lentə alınan fotolardan bir neçəsini paylaşıb.

Əməkdar artist Abbas Bağırov da sosial şəbəkə hesabında yanğın fotolarını yayımlayaraq bunları əlavə edib: “Allah bu vəhşiliyi edənlərin bəlasını versin! Başın sağ olsun, qardaş Türkiyə”, – deyə o qeyd edib.

Müğənni İradə İbrahimova da bu haqda paylaşım edən məşhurlardandır. O, “Instagram” hesabında foto paylaşaraq “Kaş göz yaşlarımız bu yanğını söndürə bilərdi. Keçmiş olsun, Türkiyə” sözlərini əlavə edib.

Müğənni Zamiq Hüseynov da Türkiyəyə dəstək olub. O, sosial şəbəkə hesabında yanğın fotosu paylaşaraq “Allah kömək olsun” sözlərini yazıb.

Müğənni Nigar Camal da paylaşım edən müğənnilər arasındadır. Sənətçi “Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya, Alanya... Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik” şərhini yazaraq qardaş ölkəyə dəstək olduğunu bildirib.

Əməkdar artist Sənubər İsgəndərli də sosial şəbəkə hesabında “Sizinləyik Türkiyə, dualarımız sizinlədir” qısa şərhini yazaraq Türkiyəyə dəstək olub.

Əməkdar artist Mehriban Xanlarova da Türkiyədəki yanğınlarla bağlı paylaşım edən məşhurlardandır. O, “Bu alçaqlığı edənlər mühakimə edilməlidir. Bu günahın cəzası bəllidir. Onları vətənə xəyanətdə ittiham etmək lazımdır. Onları mühakimə edin ki, ürəyimiz soyusun”, – sözlərini yazaraq bu ağır günlərində türk xalqına dəstək olduğunu bildirib.

Zöhrə Pənahi
BAKU.WS