Zəngəzur dəhlizi açılır? - Bakı ilə İrəvan arasında MÜHÜM MÜZAKİRƏ

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə tarixi görüş keçirildi. Görüş Ermənistan-Azərbaycan münasibətləri tarixində ən vacib diplomatik addımlardan biri kimi yadda qaldı. Bu, sadəcə iki liderin təmas qurması deyil, həm də sülh sazişinə doğru ölkələrin öz iradəsi ilə başlatdığı, vasitəçisiz, şərtləri müəyyən edilmiş ikitərəfli prosesin yeni mərhələsi kimi yadda qaldı. Əbu-Dabi görüşü danışıqlar prosesində sülh müqaviləsinə gedən yolun mühüm mərhələsidir. Burada müzakirə edilən məsələlər - sərhədlərin delimitasiyası, siyasi öhdəliklər və ən əsası Zəngəzur dəhlizinin açılması sülhün konkret konturlarını müəyyən edir. Rəsmi Bakı dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi regionun inteqrasiyası və geoiqtisadi gələcəyi üçün vacib elementdir. Bu məsələ artıq Ermənistan tərəfindən də ciddi müzakirə mövzusu kimi qəbul olunub. Bu baxımdan, Zəngəzur dəhlizinin nə zaman açılması, region üçün perspektivləri və əməkdaşlıq platforması yenidən gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində heç bir vasitəçi olmadan keçirilən ikitərəfli görüşdə həllini tapmayan bəzi məsələlər müzakirə edildi:

"Bu görüş bütün Qafqaz üçün müəyyən əhəmiyyət kəsb edir. İki ölkə lideri arasında 5 saat davam edən görüşdə Qafqaz ərazisində yeni münasibətlərin təsdiqlənməsi prosesinin getdiyini əminliklə söyləmək olar. Hər iki lider ölkələri arasında ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəldilər. İlham Əliyev və Nikol Paşinyanın sonuncu görüşü may ayında Albaniyanın paytaxtı Tiranada "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində olmuşdu. Düşünürəm ki, hər görüşün öz əhəmiyyəti var. Belə ki, əsrlərlə davam edən iki xalq arasındakı münaqişə bir və ya iki görüşlə yekunlaşdırıla bilməz. Çünki həm də Cənubi Qafqazın bu iki ölkəsi arasındakı münasibət bütövlükdə beynəlxalq arenada bir çox dövlətin maraqlarının toqquşduğu nöqtədir".
"Əbu-Dabidə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, istərsə də daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib. Görüşdə iki ölkə arasında davam edən sülh prosesində əsas maneələrdən biri olan Ermənistan və Azərbaycan arasında regional tranzit əlaqələrinin açılmasının zəruriliyi bir daha vurğulanıb. Xüsusilə Zəngəzur dəhlizi, Azərbaycan ilə Naxçıvan eksklavı arasında tranzit əlaqənin yaradılmasının mümkünlüyü də görüşün əsas gündəliyində idi. Çünki Ermənistan dörd il ərzində qeyri-konstruktiv yanaşmalarla və bəhanələr gətirməklə və beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etməklə Zəngəzur dəhlizi ilə bağlı irəliləyişi dayandırmaqla məşğul olub", - deyə deputat vurğulayıb.
Parlamentari onu da əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün ona görə həyati əhəmiyyət kəsb edir ki, ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqə qurulacaq:
"Hazırda Azərbaycanla Naxçıvan arasında əsas yük daşımaları İran üzərindən keçir ki, bu da həm xərcləri artırır, həm də siyasi risklər yaradır. Digər tərəfdən isə dəhliz Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır. Beləliklə bu dəhliz ölkəmizin həm iqtisadi, həm də milli maraqlarına xidmət edərək regional əməkdaşlığa yol açacaq".
Oxşar xəbərlər
Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib
İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh...