Ekspert: "Azərbaycan və Türkiyə ilə yaxınlaşma Ermənistanı "alət dövlət" olmaqdan xilas edəcək"

Ekspert: Azərbaycan və Türkiyə ilə yaxınlaşma Ermənistanı alət dövlət olmaqdan xilas edəcək
Siyasət 58

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən sülh görüşü bir daha bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi. Beş saat davam edən bu görüşdə nələrin müzakirə edildiyi hamı tərəfindən maraqla izlənilir.

Görəsən, bu danışıqlar daimi bir sülh müqaviləsi ilə nəticələnəcəkmi? Bəs, regional ölkələrin və güc mərkəzlərinin yaxından izlədiyi Zəngəzur dəhlizi açılacaqmı?

Bu suallarla bağlı Oxu.Az təhlükəsizlik üzrə tanınmış türkiyəli ekspert Abdullah Ağarın fikirlərinə müraciət edib.

O, İlham Əliyev və Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan sülh görüşünü geniş şəkildə şərh edib.

Zəngəzur dəhlizi Ermənistanı blokadadan xilas edir

A.Ağarın sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizinin açılması Ermənistanın həllə cəlb edilməsi baxımından son dərəcə mühüm nəticələr doğurur - bu, Türkiyə və Azərbaycan tərəfindən məlum səbəblərdən tətbiq edilən blokadanın sona çatması deməkdir:

"Bu dəhlizin açılması ilə Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq fürsəti əldə edir. Beləliklə, Ermənistan geosiyasi oyunda "alət dövlət" olmaqdan çıxaraq öz gələcəyini inşa etmək şansını qazanır.

Bu baxımdan İlham Əliyev ilə Paşinyanın Əbu-Dabidəki görüşləri son dərəcə əhəmiyyətlidir".

Regional güclər Zəngəzur dəhlizi ilə maraqlanır

O bildirib ki, regionda təsirli olmaq istəyən bir çox ölkə var - İran, Rusiya, Avropa Birliyi, ABŞ və Çin. Zəngəzur dəhlizi xüsusilə Pekinin böyük marağını cəlb edir:

"İlham Əliyev ilə Paşinyanın görüşləri Cənubi Qafqazın gələcəyini necə formalaşdıracağı, doğrusu, hamı üçün maraqlıdır.

Bizim üçün əhəmiyyətli olan, bu dəhlizin keçmişdə Azərbaycan torpağı olmasıdır. Yəni biz heç kimi təhdid etmirik, sadəcə öz haqqımızı axtarırıq".

Türkiyə üçün strateji fürsət

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin enerji keçid marşrutu halına gətirilməsi Türkiyə üçün böyük üstünlük təmin edir:

"Türkiyə bu dəhliz sayəsində Orta Asiya Türk dövlətlərinə birbaşa çıxış qazanır. Azərbaycan isə Naxçıvanla birləşərək Türkiyəyə və Qərb ölkələrinə ticarət əlaqələri qurmaq imkanına qovuşur.

Bu dəhliz hamı üçün fayda təmin edə bilər, lakin regional güclər dəhlizin öz maraqlarına xidmət etməsini istəyir. Bu səbəbdən İran illərdən bəri bu dəhlizin açılmasına mane olmağa çalışır.

Yenə vurğulayıram: Zəngəzur dəhlizi bizim haqqımızdır. Bəziləri bu haqq axtarışımızı təhdid kimi görə bilər, lakin bu bizim mövqeyimizi dəyişdirməz. Bunu hamının bilməsi lazımdır. Bu dəhliz Azərbaycanın 44 günlük müharibədən qələbə ilə çıxmasının təbii nəticəsidir. Üstəlik Ermənistanın bu istiqamətdə verdiyi bir söz var və artıq bu sözü yerinə yetirməsi lazımdır".

Ermənistan Türkiyə ilə yaxınlaşmaq istəyir, amma...

"Paşinyan sonuncu dəfə Türkiyədən ölkəsinə qayıdan kimi çox ağır ittihamlarla üzləşdi. Hətta bir çevriliş cəhdi də yaşandı. Bütün bunlar Türkiyənin regiondakı təsirinin nümunəsidir. Lakin Ermənistanın Türkiyə ilə yaxınlaşmasını istəməyən güclər hələ də təsirlidir.

Zəngəzur dəhlizi sadəcə Cənubi Qafqaz məsələsi deyil, bu məsələyə müdaxilə edən böyük geosiyasi aktyorlar və qlobal güclər var.

Cənubi Qafqazı heç vaxt rahat buraxmazlar. Lakin Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığı bu məsələdə lazımi addımları atacaq. Hər iki ölkə də bu prosesə çox yaxşı hazırlanıb", - A.Ağar qeyd edib.

Ermənistanı "minalı ərazi" olmaqdan çıxarmalıyıq

O bildirib ki, yaxın gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq inkişaf edə bilər:

"Biz Ermənistanı "minalı ərazi" olmaqdan çıxarmalıyıq. Çünki hamı bu zəif quruluşu öz maraqları istiqamətində istifadə edir. Bəs bunu necə bacara bilərik? Ermənistanı yanımıza buraxaraq.

Ermənistan da bu həqiqəti anlamağa başlayıb. Türkiyə və Azərbaycana düşmənçilik etmək ağılsızlıqdır".

Son xəbərlər