Xəzərin suyunun səviyyəsi son 10 ildə 1,14 metr enib - Tədbirlər görülməsə...

Xəzərin suyunun səviyyəsi son 10 ildə 1,14 metr enib - Tədbirlər görülməsə...
Açıqlama
Siyasət 181

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin azalması narahatlıq doğurur. Bu təbii fenomen yalnız Azərbaycanın deyil, bütün Xəzəryanı ölkələrin diqqət mərkəzindədir.

BAKU.WS xəbər verir ki, məlum prosesin həm regional ekosistemə, həm də iqtisadi fəaliyyətlərə ciddi təsir göstərə biləcəyi böyük narahatlıq doğurur.

Xəzər dənizində suyun çəkilməsi həm Azərbaycan, həm də digər ölkələrin neft-qaz, balıçılıq və turizm sahələrinə problem yaratmaq ehtimalı var.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirova müraciət etdik və ehtimalların nə qədər yüksək olması barədə münasibət öyrəndik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, Xəzər dənizinin quruması ilə bağlı fikirlər, proqnozlar, araşdırmaların nəticələri bir istiqamətdə əks olunmur:

"Son beş ildə Xəzər dənizinin səviyyəsinin təxminən 60-70 sm, 10 ildə isə 1,14 m enməsi müşahidə olunub. Amma nəzərə alsaq ki, 1980-1995-ci illər ərzində Xəzər dənizinin səviyyəsi 1,5 metr qalxıb, yəni 15 il ərzində metr yarımlıq yüksəliş olub. Hazırkı eniş 1980-ci ildə olan göstəricidən də hələ yuxarı səviyyədədir. Birmənalı proqnozlar söyləmək çox çətindir.

Təbii olaraq iqlim dəyişiklikləri duruma təsir göstərir. Bu məsələdə düşünürəm ki, Sərhəd ölkələri Xəzərin səthinin və dibinin, eyni zamanda Xəzərin ehtiyatlarının bölüşdürülməsində bir-biri ilə nə qədər mübarizə aparırlarsa, heç olmasa o mübarizənin yarısı qədər Xəzərin ekoloji durumunun qorunmasında iş görməlidir. Xəzər uğrunda, onun resursları uğrunda gedən mübarizə Xəzərin özünün ekoloji durumunun qorunması uğrunda aparılmalıdır".

Eldəniz Əmirov əlavə edib ki, Xəzərin quruması bir çox aspektlərdə öz mənfi təsirini göstərə bilər: "Bu, həm iqtisadi, həm də ekoloji problemlər yarada bilər. Lakin hazırda proses deyildiyi qədər də qorxulu vəziyyətdə deyil. Hazırda qlobal dünyada iqlim dəyişikliyinə qarşı aparılan mübarizə mütləq şəkildə Xəzər dənizinə öz töfhəsini verəcək. Xəzər dənizi ciddi həcmdə yağış sularından asılıdır. Bu asılılıq Xəzəri qidalandıran çaylardan ibarətdir. Təxminən 3,5 milyon kvadrat kilometr əraziyə düşən yağıntıların hamısı Xəzərə düşür. Sadəcə yay quraqlıq keçdiyi üçün region ölkələrində yağıntı sularının Xəzərə düşmə faizi azalıb və nəticədə suyun çəkilməsi qeydə alınıb.

Əgər ümumiyyətlə, Xəzər quruyarsa bu balıqçılıq təsərrüfatına, gəmiçilik xərclərinə, Xəzər ətrafı ekoloji duruma, eyni zamanda havada olan nisbi rütubətə təsir göstərməklə kənd təsərrüfatı sahələrinə mənfi təsir qaçılmaz olacaq. Hesab etmirəm ki, Xəzərin suyunu biz yaxın 100 ildə qurumuş görəcəyik".

Son xəbərlər