İranın Azərbaycana qarşı informasiya savaşı: Aranı qatan kimlərdir? - TƏHLİL
Azərbaycan-İran münasibətləri gərginlik və əməkdaşlığın təkrarlanan, dəyişkən modeli kimi qarışıq struktura malikdir. Hazırda iki ölkənin münasibətlərində gərginlik konstruktiv əməkdaşlıq variantını əvəzləyir. Bunun əsas səbəbi İranın ideoloji güc siyasətinə üstünlük verərək, bunu rəsmi qərarlara sirayət etdirməsidir.
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media" siyahısına daxil etməsi iki ölkə arasında ideoloji səbəblərdən yaranan gərginliyin növbəti təzahürüdür.
Azərbaycanın adekvat qərarı
Buna cavab olaraq Medianın İnkişafı Agentliyi İranın "Səhər" telekanalının və "Mehr" xəbər agentliyinin Azərbaycan ərazisindəki fəaliyyətinin qanunsuz hesab olunduğunu bəyan etdi.
İrandan verilən qərarı informasiya-ideologiya baxımından belə izah etmək olar:
İranın ABŞ və İsraillə mübarizə fonunda öz informasiya strategiyasını yeniləməsi diqqətçəkən məqamdır. Tehranın regional ideoloji çərçivələrinin Cənubi Qafqaza, o cümlədən Gürcüstana fokuslanması onun siyasi, ideoloji və dini kimlik maraqlarına xidmət edən kompleks informasiya siyasətini tamamlayır. Görünür, Azərbaycan İslam Respublikasının informasiya siyasətinə qarşı effektiv əks-tədbirlər və həll üsulları işləyib hazırlayıb və bu, Tehranın planlarını pozub.
İranın regional şəbəkə yaratmaq üçün əlində olan informasiya-təbliğat alətlərindən biri dövlət televiziyası IRIB-nin "Səhər" Universal Şəbəkəsinin azərbaycandilli qolu olan "Səhər TV"dir. Bu telekanal Qafqaz regionuna xitab edərək təsir şəbəkələrinə yön verən platforma kimi çıxış edir.
Bununla yanaşı, "Mehr", "IRNA", "Tasnim" və "Houzə" (şiə mədrəsələri və dini təhsil müəssisələri ilə əlaqəli media platforması) kimi media qurumları, eləcə də Əhli-Beyt Xəbər Agentliyi (ABNA) İranın ideoloji və siyasi mesajlarının yayılmasında mühüm rol oynayırlar. Bu media resursları müxtəlif auditoriyalar üçün informasiya mühiti formalaşdıraraq İranın regional təsir strategiyasını dəstəkləyən kommunikasiya platformaları kimi fəaliyyət göstərirlər.
Şəbəkənin çoxpilləli təşkilati quruluşu onun əsas xüsusiyyətlərindən biridir. Bu strukturun zirvəsində ali liderin ofisi dayanır. Buradan İranın dini və siyasi mesajlarının şiə icmalarına çatdırılması əsasən iki aparıcı institut - Əl-Mustafa Beynəlxalq Universiteti və Əhli-Beyt Dünya Assambleyası vasitəsilə həyata keçirilir. Hər iki qurumun Gürcüstanda da fəaliyyət göstərdiyi bildirilir. Yüksək ehtimalla bu institutlar SEPAH və onun Qüds Qüvvələri ilə əlaqəli fəaliyyətlər üçün dəstək və ya vasitəçi rolunu oynayırlar.
Bu strukturun aşağı pillələrində isə mədrəsələr, məscidlər, xeyriyyə təşkilatları, gənclər birlikləri və media qurumlarından ibarət geniş şəbəkə yer alır. Müxtəlif qiymətləndirmələrə görə, bu qurumlar ideoloji təsirin yayılması, sosial şəbəkələrin formalaşdırılması və müəyyən hallarda İranın regional maraqlarına xidmət edən fəaliyyətlərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İranın əlverişli şərtlərlə regional müqavimət oxu təşkil etmək üçün həyata keçirdiyi informasiya səyləri onun region dövlətlərinə qarşı siyasətinin ayrılmaz hissəsidir. Bir müddət öncə İran Azərbaycanla sülh gündəmini irəliyə aparmaq istəyən Ermənistanı da hədəfə almışdı. Bu, Azərbaycanın Cənubi Qafqazda yüksələn geosiyasi təsirinə, əldə edilən nəticələrin Ermənistandakı oyunçuların nüfuz dairəsinə girərək fərqli regional dizayn yaratmasına qarşı qısqanc mövqenin ifadəsi idi.
Azərbaycan barədə qərara kim rəhbərlik edir?
İranda üç rəqib qrup xarici əlaqələr siyasətinə, o cümlədən ABŞ ilə danışıqlara təsir göstərməyə çalışır.
Birinci qrup Cənubi Qafqazda İranı ambisiyalı mövqeyə yerləşdirmək istəyən, eyni zamanda ABŞ ilə danışıqlara maksimalist mövqedən yanaşan qüvvədir. Güman ki, bu cinaha SEPAH komandiri Əhməd Vahidi və ona bağlı elementlər rəhbərlik edir.
İkinci qrupa Prezident Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibaf daxildir. Hərçənd Qalibaf da diplomatik danışıqlar mərhələlərində SEPAH maraqlarını təmsil edir, lakin hazırda bu qrup ümumilikdə onun təzyiqi altında görünür.
Üçüncü qrup ABŞ ilə danışıqlara qəti şəkildə qarşı çıxan ultra-mühafizəkar Paydari cəbhəsidir. Azlıqda olmalarına baxmayaraq, ali liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili kimi fiqurlar vasitəsilə hakimiyyətə təsir imkanlarına malikdirlər. Bu səbəbdən də digər siyasətçilər qərar qəbul edərkən onların mövqeyini nəzərə almalı olurlar.
Lakin İranın xarici dövlətlərlə münasibətlər strategiyasında yaranan fikir ayrılıqları strateji məqsədlərdə deyil, əsasən taktiki vasitələr ətrafında dərinləşir. Bu kontekstdə İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media" siyahısına daxil etməsi iki kontekstdə qiymətləndirilə bilər:
- Bu, strateji olaraq ümumi dövlət strategiyasının tərkibində yer alır;
- Bu, taktiki olaraq Azərbaycanla münasibətlərə önəm verən qüvvələrin maraqlarını tam şəkildə təmsil emir.
Qeyd edək ki, Kəşfiyyat Nazirliyi prezidentlik institutunun strukturuna daxildir. Yəni prezident kəşfiyyat nazirini təyin edir, lakin namizəd ali rəhbər tərəfindən dəstəklənməlidir.
Lakin Müctəba Xameneinin ali rəhbər vəzifəsinə varisliyini təmin etdikdən, Hörmüz boğazından keçən gəmilərdən rüsum almağa hazır olduğunu bildirdikdən və xarici siyasət üzərində nəzarətini möhkəmləndirdikdən sonra SEPAH İranın taleyini idarə etmək üçün əvvəlkindən daha böyük imkanlara malikdir.
Neft gəlirlərinin 20 faizi birbaşa silahlı qüvvələrə ayrılsa da, SEPAH İranın neft gəlirləri hesabına maliyyələşdirilən suveren sərvət fondu olan Milli İnkişaf Fonduna imtiyazlı çıxış əldə edib. Bu o deməkdir ki, SEPAH neft gəlirlərinin Fonda düşən hissəsinə (digər 20 faiz) yiyələnir. Bu tənzimləmə SEPAH-ın ölkənin ən vacib sərvət mənbəyindən istifadə etmək qabiliyyətini daha da möhkəmləndirir.
Ehtimalla SEPAH-ın öz strukturu olan Kəşfiyyat Təşkilatı ilə Kəşfiyyat Nazirliyi arasında koordinasiyanı özünün rejim daxilində dominant mövqeyi ilə əvəzləyir.
Proqnozlar
ABŞ-İsrail müttəfiqliyinin islam ölkəsi ilə müharibəsinin nəticəsində İran elitasında mühüm transformasiya hadisələri baş verir. Yeni status-kvo Tehranın siyasətində bəzi paradiqma dəyişikliyinə və elita arasında yenidənqurmaya səbəb ola ola bilər.
Bu keçid dövründə İranın ABŞ ilə danışıqlarda mövqeyini sərtləşdirərək strateji imtiyazlara can atmasına səbəb olur. Prosesdə İrandaxili vitrində dominant mövqe SEPAH-dadır. Ona görə də, İranın xarici ölkələrlə münasibətləri əvvəlki illərdə olduğu kimi dalğalı qalacaq. Azərbaycanla əlaqələrin davamlı gərginlikdən çıxacağı istisna edilmir, ancaq Tehran növbəti mərhələlərdə Azərbaycanın Qafqazdakı, o cümlədən Ermənistanda qazanacağı geosiyasi portfelə qarşı münasibətini intensivləşdirə bilər. İran xüsusilə TRIPP marşrutu prosesinin reallaşmasına qarşı Ermənistana təzyiq göstərmək üçün davamlı informasiya kampaniyasını gücləndirə bilər.
Aqşin Kərimov
Oxşar xəbərlər
Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim keçirilib
Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən "The Judicial Crafting: Executive Judicial Training Programme" ("Hakim P...