Rusiyanın Azərbaycandakı səfiri: “Dilqəm Əsgərovdan üz döndərməmişik”

Rusiyanın Azərbaycandakı səfiri: “Dilqəm Əsgərovdan üz döndərməmişik”
Siyasət 1163
 

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Sputnik Azərbaycan-a özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

- Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ətrafındakı vəziyyəti necə qiymətləndirirsiniz? Bu təşkilat barəsində belə bir qərar nə ilə bağlı ola bilər? Çoxları ÜAK məsələsinin Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsirindən ehtiyatlanırlar.

- Bu gün Rusiya-Azərbaycan münasibətləri nə deməkdir? Bu, ilk növbədə yüz minlərlə, bəlkə də milyonlarla Rusiyada işləyən azərbaycanlılardır. Oradan gələn gəlirlərin hesabına yaşayan çoxsaylı Azərbaycan ailələridir. Qarışıq nikahlar, ümumi övladlar, çoxşaxəli qohumluq əlaqələridir.

Rusiya Azərbaycanın qeyri-neft məhsulları üçün əsas bazardır. Dünyanın heç bir ölkəsində Rusiyadakı qədər azərbaycanlı oxumur. Azərbaycanda Qafqazın ən çoxsaylı rusdilli icması çox rahat şəkildə fəaliyyət göstərir. İnanmaq istəmirəm ki, bütün bunlar ÜAK epizodu ilə təhlükəyə atıla bilər. Hər halda Rusiya bu niyyətdə deyil.İndi isə ÜAK barədə. ÜAK Rusiya vətəndaşlarının qurduğu RF qeyri-hökumət təşkilatıdır. Təşkilat Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir. Ötən ilin əvvəlində Rusiya Ədliyyə Nazirliyi planauyğun olaraq ÜAK-da yoxlama aparıb. Rusiya qeydiyyata alınmış bütün ictimai təşkilatlarda belə yoxlamalar aparılır. Yoxlama zamanı Rusiya qanunvericiliyinin pozulması halları aşkar edilib. ÜAK üç dəfə pozuntuların aradan qaldırılmasına dair məktub alıb. ÜAK bu məktubların heç birinə cavab verməyib.

Ola bilsin ki, bu, mənim işim deyil, lakin düzünə qalsa, ÜAK rəhbərliyinin mövqeyini başa düşmürəm. Əgər təşkilat Ədliyyə Nazirliyinin qiymətləndirməsi ilə razı deyildisə, onlardan qanuni formada şikayət etmək lazım idi. Əgər razı idisə, deyilənləri etmək lazım idi. Təkrar edirəm, təşkilat Ədliyyə Nazirliyinin mövqeyinə sadəcə məhəl qoymayıb. Nəticədə Rusiya Ədliyyə Nazirliyi belə hallarda qanunla nəzərdə tutulmuş addımları atmalı oldu. Nazirlik Ali məhkəməyə müraciət etdi və mayın 15-də məlum qərar qəbul olundu. Rusiyada hakimlərin qərarları şərh olunmur. Onlardan ya şikayət verilir, ya da onlar icra olunur. Başqa yol yoxdur. Bu işdə heç bir siyasət və anti-Azərbaycan təxribatı yoxdur. Sadəcə ÜAK məsələsinin belə bir yön almasından təəssüflənmək olar. Lakin qanunlara riayət olunmalıdır. İndi sakitləşmək, baş verənlərdən nəticə çıxarmaq və gələcək barədə düşünmək lazımdır.

- Rusiyanın Bakıdakı səfirliyi Aleksandr Lapşinin məsələsini diqqətdə saxlayır. Bu gün Lapşin məsələsi nə yerdədir?

- Biz bu işi diqqətlə izləyirik, Lapşinlə görüşürük. İsrail tərəfinin tutduğu vəkillə əlaqə saxlayırıq. Bu gün Lapşinin məsələsi hüquqi müstəvidədir. Onun bir müttəhim kimi hüquqları qorunur. Rusiya üçün bu, ən əsasdır.

- Rusiya tamamilə təbii olaraq Aleksandr Lapşinin taleyi ilə maraqlanır, lakin eyni zamanda erməni separatçılarının girov saxladıqları Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyindən narahat deyil. Bu, fərqli yanaşmanın göstəricisi deyil?

-  Azərbaycan mediası bu mövzuya tez-tez müraciət edir. Təəssüf ki, Rusiya Federasiyasının vətəndaşlarının maraqlarının qorunması işinin necə qurulduğu barədə anlaşılmazlıq mövcuddur. Əgər vətəndaşın başına nəsə iş gəlirsə, səfirliyin ilk görəcəyi iş konsulluq işçisini bu adamla görüşə göndərmək, onun sənədlərini yoxlamaq, əslində nə baş verdiyini aydınlaşdırmaqdır. Bundan sonra hansı səviyyədə hansı addımların atılması barədə qərar qəbul olunur. Başa düşdüyünüz kimi, bütün bunları biz edə bilmərik, çünki bu insan Rusiyanın dövlətlərarası münasibətlərin subyekti hesab etmədiyi bir ərazidədir. Suallar isə çoxdur. Onların barəsində artıq Rusiya XİN-in nümayəndəsi Artyom Kojin danışıb. Təkrar edə bilərəm. Əsgərov olduğu yerə necə gedib çıxıb? Tərəflərin təmas xəttini necə keçib? Əslində onun başına nə gəlib? Niyə üstündə silah olub? (Silah barədə Əsgərovun qardaşı səfirlikdə olarkən məlumat verib). Bizdə vəziyyət barədə hərtərəfli məlumat yoxdur. Əsgərovun məsələsinin Lapşinin məsələsindən fərqi budur. Bu, o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir. Səfirlik qohumlarla əlaqədədir. Bizim təşəbbüsümüzlə məsələ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gündəliyinə daxil edilib. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi də bu məsələ ilə məşğul olur. Mən Qırmızı Xaçın nümayəndələri ilə əlaqə saxlayıram. Orada da bu barədə bilirlər. Qeyri-standart və adi olmayan bir vəziyyətdir. Təkrar edirəm, biz həll yolu imkanını axtarırıq.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər