Polad Bülbüloğlu ilə bağlı şok iddia - Səfir postundan geri çağırılır

Polad Bülbüloğlu ilə bağlı şok iddia - Səfir postundan geri çağırılır
Siyasət 8469

Xəbər verildiyi kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

Onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. P.Bülbüloğlu artıq Parisdə növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz proqramının bəzi məqamlarını açıqlayıb.

musavat.com bu məqamda səfirlə bağlı maraqlı məlumat əldə edib.

İddia olunur ki, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan P.Bülbüloğlu ilin sonunadək vəzifəsindən geri çağırılacaq. 11 ildir ki, Azərbaycan üçün ən önəmli bir ölkədə səfir işləyən P.Bülbüloğlu özü də vəzifədən getmək niyyətindədir. Amma əsas məqam budur ki, iqtidar onun diplomat fəaliyyətindən çoxdan razı deyil. Bildirilir ki, P.Bülbüloğlunun xüsusilə Rusiyadakı diaspora ilə bağlı tutduğu mövqe Bakını ciddi narazı salır. Onun 11 illik fəaliyyəti dövründə Azərbaycanın bu ölkədəki diaspor təşkilatları parçalanaraq zəifləyib. Sirr deyil ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının böyük bir qismi amorf təşkilatlara çevrilib. Diaspor üzərində liderlik iddiaları diasporun böyük hissəsinin ondan üz döndərməsi ilə nəticələnib. Rusiyadakı diaspora bu illər ərzində əsasən Heydər Əliyev Fondunun zəhməti sayəsində ayaqda qala bilib.

İddialara görə, P.Bülbüloğlu xüsusilə diaspora təşkilatları arasında koordinasiyanı lazımi səviyyədə edə bilməyib, hətta intriqalarda tərəf kimi çıxış edib. İqtidarın P.Bülbüloğlundan əsas narazılığı isə onun Azərbaycanın sabiq vitse-primyeri Abbas Abbasovun vaxtilə rəhbərlik etdiyi "AzerRos”da baş verən parçalanmada sabiq məmurun tərəfini tutması olub. Həmin ərəfədə A.Abbasova qarşı cəbhədə yer alan Söyün Sadıqov səfiri öz həmyerlilərinin taleyinə biganəlikdə, rəsmi Bakıya qarşı yaradılmış "Milyarder ittifaqı” ilə bir gəmidə yer almaqda günahlandırmışdı.

Son aylar isə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi üçün Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti P.Bülbüloğlunu yenidən tənqid hədəfinə çevirib. Aprelin 26-na təyin edilən məhkəmə mayın 15-dək təxirə salınsa da, 50-dən çox regional təşkilatı olan ÜAK-ın taleyi bir qərarın ümidinə qalıb. ÜAK-ın qeydiyyatı ilə bağlı yaranmış vəziyyəti Azərbaycan mediasına şərh edən rusiyalı siyasi texnoloq Denis Kokordinovun fikirləri də maraqlıdır. O, təşkilatın qeydiyyatın ləğv edilməsi kimi bir təhlükə ilə üzləşməsində Rusiyadakı səfirimizin məsuliyyəti olduğunu demişdi. Politexnoloq iddia edib ki, P.Bülbüloğlu təşkilatın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub. Maraqlıdır ki, bu qədər səs-küy doğuran məhkəmə barədə səfir hələ də danışmayıb ki, bu da müəmmaları artırır.

Gələn il həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri ilidir. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olsa da, bu münasibətlər etiraf etmək lazımdır ki, həm də ziqzaqvaridir. Zamanla Rusiya ilə rəsmi Bakı arasında gərginliklər müşahidə edilir. Bu cür hallarda isə P.Bülbüloğlu həmişə "kölgədə qalmağa” çalışır ki, bu da rəsmi Bakını razı sala bilməz. Bildirilir ki, iqtidar Rusiyadakı səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır. Bu səbəbdən də P.Bülbüloğlu iqtidarın xeyir-duası ilə YUNESKO-ya rəhbərlik üçün yarışa qatılıb ki, bu işdə ona Azərbaycan adına ancaq uğurlar arzulamaq lazımdır.

BAKU.WS

Son xəbərlər