“Ruhlar şəhərində” ölümə bir addım - REPORTAJ - VİDEO
Səfər edəcəyimiz yer 30 ildən sonra mənfur düşmən Ermənistan tərəfindən işğaldan azad edilən Ağdam rayonu idi. “Həyəcanlı deyildim” desəm, yalan olardı. Çünki bu ərazi 30 il erməni işğalı altında olub. Hər tinində, küçəsində mina, partlamamış hərbi sursatlar var...
İçimdəki həyəcan, təlaşla səhər saat 05:00-da Ağdama yola düşdük. Təxminən 350 kilometrdən çox məsafə qət etdikdən sonra “Ruhlar şəhəri”nə çatdıq.
BAKU.WS “oxu.az”ın müxbirinin Ağdamdan reportajını təqdim edirik:
Bizi ərazidə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov qarşılayır.
Yol boyu mina tabloları qoyulub. Əvvəl bizə təhlükəsizlik tədbirləri barədə məlumat verildi və əraziyə yollandıq.
“İşarələnmiş ərazilərdən kənara keçməyin, xahiş edirik. Çünki 30 il ərzində düşmən buraya minalar qoyub. Hər bir santimetrdə partlamamış hərbi sursat ola bilər”, - deyə təlimat verilir.
Bu ərazi ölümlə yaşam arasındakı yerdir, desək, yəqin ki, yanılmarıq.
ANAMA əməkdaşları Ağdamda olan hərbi sursatların təmizlənməsi işinə təzə başlayıb, bu əməliyyatın nə zaman sona çatacağı hələlik məlum deyil.
Əməliyyatın adı “Ağdam əməliyyatı” idi. Hər gün səkkiz saatlıq partlamamış sursat əməliyyatlarına start verilir. Sonda toplanan sursatlar partladılır.
İdris İsmayılov deyir ki, işğaldan azad olunmuş ərazilərin 80-85 faizi çirkli hesab edilir:
“Ağdam işğaldan azad olunan gün 30 nəfərlik heyətlə biz artıq ərazidə idik. Eyni zamanda, bir mexaniki minatəmizləmə maşını ərazidə işləyir.
İşğaldan azad olunmuş Ağdam şəhəri ilə Əfətli kəndini birləşdirən yeddi kilometr uzunluqdakı yolun və Ağdam Cümə məscidinin ətrafının təmizlənməsi zamanı bir ədəd partlayıcı (UZRQM), doqquz ədəd mina (altı ədəd TM-62M və üç ədəd TM-57), iki ədəd 7.62 mm-lik patron aşkar edilərək zərərsizləşdirilib.
Hazırda həmin avtomobil yolunun kənarında kommunikasiya xətlərinin keçəcəyi ərazinin təmizlənilməsi işləri həyata keçirilir ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 23 ədəd tank əleyhinə mina və 11 ədəd tank əleyhinə minanın partladıcısı aşkar edilib. Əməliyyat-axtarış tədbirləri davam edir”.
Biz ərazidə olan zaman artıq bir neçə saat idi ki, ərazidə axtarışlar başlamışdı.
Mina axtaranların komandasına ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov rəhbərlik edir:
“Hazırda cəbhəboyu ərazilərdə ümumilikdə 24 qrup axtarış aparır. Hər qrupda altı nəfər heyət var, onun biri başçı olur.
Ağdam ərazisində iki ədəd tank əleyhinə mina aşkarlanıb. Minaaxtaran şəxslər bir xətt üzrə aralarında məsafə qoyaraq işləyirlər. Bura həddindən artıq çirkli ərazi olduğu üçün minaaxtaranlar çox diqqətli axtarış edirlər. Ərazidə işləmək üçün ANAMA-nın əməkdaşları təlimatlandırılıb. Burada işləyən zaman partlayıcılarla normal davranıldığına görə heç bir partlayış hadisəsi ola bilməz”.
Budur, torpaqda Rusiya istehsalı TM-62 M aşkarlanır. Partlayıcının çəkisi yeddi kiloqram, diametri 32 santimetrdir.
Ərazidə qazma işini bitirdikdən sonra detektorla partlayıcının yeri yoxlanılır ki, metal qalıb-qalmaması dəqiq bilinsin.
Əgər ərazidə tapılan sursat metaldırsa, metal toplama ərazisinə təhvil verilir. Amma partlamamış hərbi sursat tapılırsa, onlar sursatların müvəqqəti saxlanması ərazisinə verilir və partlayış yolu ilə məhv edilir. Hər gün günün sonunda partlayış yolu ilə sursatlar məhv edilir.
İdris İsmayılov bizə sursatların partlayışı barədə məlumat verir:
“Hər gün partlayışdan əvvəl əməkdaşlar tərəfindən ciddi təhlükəsizlik tədbirləri aparılır. Partlayışdan əvvəl ərazidə dörd post qurulur. Sözügedən ərazidə şəxsi heyət təhlükəsizlik məsafəsinə çəkilir, giriş-çıxış bağlanır.
Əgər əraziyə yaxın rayon polis şöbəsi, hərbi hissə varsa, həmin rayonun icra hakimiyyətinə əvvəldən yazılı şəkildə partlayışın günü və saatı barədə məlumat verilir. Eyni zamanda, yaxınlıqda yerləşən yaşayış məntəqəsi, fermer təsərrüfatı varsa, onlar da məlumatlandırılır. Əgər kimsə xəbərsiz əraziyə daxil olarsa, qurulan postda saxlanılır”.
İdris İsmayılov deyir ki, Qarabağ torpaqlarına Azərbaycan ordusundan sonra ilk onlar girib:
“Partlayış Qrupu fitili odlayıb ərazini tərk etməlidirlər. Burada ləngimək olmaz. Partlayış edilmədən əvvəl beş saniyə geri sayım edilir. Bəzən ola bilər ki, partlamada bir dəqiqə o yan-bu yan ola”.
ANAMA rəsmisinin sözlərinə görə, ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən dekabrın 6-dək 2130 siqnal (əməliyyat çağırışı) əsasında 1 628 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub:
“Nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 1208 ədəd partlamamış hərbi sursat (PHS), 4 367 ədəd piyada əleyhinə mina, 1 202 ədəd tank əleyhinə mina, 1 772 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 410 ədəd 9N235 bombacıqları, 20 704 ədəd müxtəlif çaplı patronlar, iki ədəd qaz qumbarası, 5 568 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, yeddi ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 1 767 ədəd partlamış raket hissələri aşkar olunub.
Partlayış ərazisinin yaxınlığında təcili yardım maşını da gözləyir ki, birdən-bir hadisə olarsa, dərhal müdaxilə edilsin. Partlayıcıları daşıyan maşın partlayış yerinə doğru istiqamətləndirilib, postlar da qurulub.
Partlayıcının partladılmasına dəqiqələr qalması barədə məlumat verilir. Bir nəfər uca səslə beşdən geriyə sayıma başlayır. Beş, dörd, üç, iki, bir və... Budur, ard-arda üç partlayış eşidilir. Tüstü-duman havaya qalxır...
Təbii ki, bu peşə təhlükəlidir. Ölüm halları barədə soruşduq.
İ.İsmayılov deyir ki, axtarışlar zamanı xəsarət alan olub, amma ölən kimsə olmayıb:
“44 gün davam edən Vətən Müharibəsində ANAMA-nin iki əməkdaşı yaralanıb. Əməkdaşlar ərazidə tapılan sursata baxır. Sursatın daşınması mümkündürsə, maşına yüklənib daşınır. Əgər partlayıcı artıq partlama məqamındadırsa, yerindəcə partladırıq”.
Elə bu vaxt Bərdə ərazisində otlaq sahədə partlayıcı aşkarlanması barədə məlumat daxil olur. Əraziyə üz tuturuq. Otlaq sahəsində 9N235 bombacığıdır.
Məlumat verilir ki, qadağan olunmuş kasetli bombalardır və tərkibində 72 ədəd qəlpə olur. Partlayan zaman ətrafa səpələnir, qəlpələri insana xəsarət edilir. Silahdan, sursatdan fərqli olduğu üçün insanlar toxunan zaman partlayış baş verir və yaşayış məntəqələrinə atışı qadağan olunub.
Partladıcı yuxarıda danışdığımız qaydalara əməl edilərək yerindəcə partladılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...