Rusiya rəsmiləri Əbu-Dabidə danışıqlardan sonra jurnalistlərin qarşısına çıxıb

Rusiya rəsmiləri Əbu-Dabidə danışıqlardan sonra jurnalistlərin qarşısına çıxıb
Dünya 26

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar başa çatıb. İki gün davam edən görüşlərdə tərəflər Ukrayna münaqişəsinin nizamlanması ilə yanaşı, Avropanın gələcək təhlükəsizlik arxitekturasını da müzakirə ediblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski danışıqların bəzi məsələlər üzrə qarşılıqlı anlaşma ilə nəticələndiyini bildirib.

Onun sözlərinə görə, görüşlərdə əsas diqqət Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılmasına yönəlib. Medinski mövcud təhlükəsizlik mexanizmlərinin özünü doğrultmadığını və münaqişədən sonra yeni, hərtərəfli və ədalətli sistemin yaradılmasının vacibliyini vurğulayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəzi məsələlərdə tərəflər arasında anlaşma əldə olunsa da, fikir ayrılıqları qalmaqdadır. Onun fikrincə, Avropanın təhlükəsizlik sistemi bütövlükdə yenidən nəzərdən keçirilməlidir və mövcud problemləri yalnız qismən dəyişikliklərlə aradan qaldırmaq mümkün deyil.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli görüşlər keçirilib. İlk gün müzakirələr təxminən dörd saat yarım, ikinci gün isə bir saat yarım davam edib.

Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edib. Heyətdə xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də hərbi və təhlükəsizlik qurumlarının nümayəndələri yer alıb. Ukrayna tərəfini isə Rüstəm Umerov, Kirill Budanov və digər yüksəkvəzifəli şəxslər təmsil edib. ABŞ adından danışıqlarda Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.

Medinski danışıqlar zamanı Avropa nümayəndələri ilə ayrıca təmasların olmadığını da bildirib. O, Moskvanın Avropa ölkələrindən münaqişənin həlli ilə bağlı konkret sülh təşəbbüsləri almadığını iddia edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə görüşlərin ilk gününü konstruktiv və məzmunlu qiymətləndirmişdi. Onun sözlərinə görə, müzakirələrdə əsirlərin mübadiləsi, Ukrayna üçün təhlükəsizlik təminatları və humanitar məsələlər də gündəmdə olub.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner də tərəflər arasında mövcud fikir ayrılıqlarının müəyyənləşdirildiyini və onların aradan qaldırılması yollarının müzakirə edildiyini açıqlamışdı.

Beləliklə, Əbu-Dabi görüşləri tərəflərin mövqelərinin müəyyən qədər yaxınlaşdırılması baxımından əhəmiyyətli olsa da, əsas siyasi və təhlükəsizlik məsələləri üzrə yekun razılaşmanın əldə olunması barədə hələlik məlumat verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər