Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILAR

Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILAR
Siyasət 207

Dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer E190AR" təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması və nəticədə ikisi pilot, biri bələdçi olmaqla göyərtədə olan 67 nəfərdən 38-nin həlak olması Azərbaycanla yanaşı, bütün dünya gündəminin aktual mövzusudur. Çünki təyyarəyə Qroznıdakı zenit qurğusundan atəş açılması və quyruq hissəsinin zədələnməsi, eləcə də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün icazənin verilməməsi ilə bağlı qaranlıq suallara hələ də aydınlıq gətirilməyib. Azərbaycan təyyarəsi Rusiya tərəfindən Çeçenistanda vurulanda isə izahat belə olub ki, əvvəlcə təyyarənin pilotsuz uçuş aparatı olduğu zənn edilib.

Bəs, təyyarənin radarında görünən obyektin əvvəlcədən təyyarə və ya dron olduğunu ayırd etmək mümkündürmü? Bu sistem necə işləyir?

Türkiyəli pilotlar (Türkiyə qanunvericiliyinə əsasən, fəaliyyətdə olan hərbi pilotların kimliklərinin ictimailəşməsi mümkün olmadığı üçün ad-soyadlar şərti verilib - red.) mövzunu Oxu.Az-a şərh ediblər.

Kapitan Emir Aras bildirib ki, sərnişin təyyarələrindəki radar hava radarıdır və yalnız təbiət hadisələrini göstərir:

"Radardakı TCAS cihazı toqquşmamaq üçün digər təyyarələri bilgiləndirir, transponder cihazı isə öz mövqeyi və hündürlük məlumatlarını yayımlayır. Eyni zamanda, bu məlumatı yaxınlıqdakı digər təyyarələrdən də görür. Transponder qurğusu olmayan və öz məlumatlarını xaricə yaymayan obyektləri (o cümlədən dronları) aşkar edə bilən cihaz yoxdur. Bunu yalnız hərbi dərəcəli radar və aşkarlama cihazları müəyyən edə bilər".

Kapitan Salih Yiğit isə bildirib ki, transponder cihazı açıqdırsa, obyekt radarda görünəndə təyyarənin uçuş nömrəsini görmək mümkündür:

"Lakin transponder işlək deyilsə, radarda dronlar və pilotsuz uçuş aparatlarını görmək mümkün deyil".

Kapitan Ayaz Kuzeyin isə sözlərinə görə, radar sisteminin siqnal göndərməsi, əks təyyarəyə və ya obyektə dəyən siqnalın geri qayıtması ilə mümkündür:

"Pilot qarşısındakı obyekti görərək onun mövqeyini, hündürlüyünü və sürətini şərh edə bilər. Daim yeniləndiyi üçün bunun təyyarə və ya dron olduğuna qərar verə bilər. Onlar 5-ci və 6-cı nəsil təyyarələrə gizli xüsusiyyətlər verir. Hədəf təyyarəsi bəzi texnoloji sistemlərlə ya siqnalları səpələyir, udur, ya da heç bir siqnalı geri göndərmir. Eyni şey mülki təyyarələrə də aiddir. Daha təkmil sistemlər var. Uçuş zamanı pilot ətrafındakı bütün uçan obyektlərin hündürlüyünü, sürətini və istiqamətini göstərir. Bundan əlavə, təhlükə yaradırsa, həm şifahi, həm də rəngli xəbərdarlıq edir".

Kaptan İlhan Poyraz da deyib ki, dronlar kiçik olduğu üçün onların transponder cihazları yoxdur, çünki transponder cihazının müəyyən çəkisi var:

"Daha kiçik pilotsuz uçuş aparatlarında da (PUA) transponderlər yoxdur, lakin müəyyən ölçüdən yuxarı olanlarında var. Radar yalnız transponder vasitəsilə bu vasitələrin hündürlüyünü, yerini və sürətini görə bilir. Lakin bütün PUA-ların beynəlxalq kodlaşdırması olmadığı üçün radar ekranında yalnız PUA-lar görünür, onların təfərrüatlı növləri aydın deyil. Nəzarətçilər sürətlərinə görə növlərini təxmin edə bilərlər. Təyyarələrin növləri artıq uçuş planından məlumdur. Təyyarələr ekranlarında transponderləri olan digər təyyarələri görə bilər".

Son xəbərlər