Qərbin "havasına oynayan" Ermənistan - Qafqazda yeni münaqişə ocağı yaradılır - FOTO - ŞƏRH
Son günlər Ermənistanla Azərbaycan arasında gərginlik artmaqdadır. Bu ölkənin Azərbaycanla şərti sərhədə qoşun yığması bölgədə yeni münaqişənin yaranma ehtimalını gücləndirir. Ermənistan ordusu artıq sərhədin müxtəlif istiqamətlərdə atəşkəsi pozmağa başlayıb. Təkcə ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.
Digər tərəfdən, Ermənistan durmadan silahlandırılır. Fransa, Hindistan, eləcə də İran bu məsələdə xüsusilə maraqlı tərəflər kimi görünürlər. Təsadüfi deyil ki, elə dünən, aprelin 5-də İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınması ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bütün bunlar sülh gündəliyinin müzakirə olunduğu bir ərəfədə heç də xeyirə əlamət deyil.
Diqqətçəkən məqam ondan ibarətdir ki, rəsmi İrəvanın hərbi hərəkətlənməsi bu dövlətin Qərblə, o cümlədən Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması fonunda baş verir. Deməli, dəyirmana dənin haradan gəldiyi az-çox məlumdur.
Ermənistanda canlanmaqda olan aqressiv ritorika müstəqil beynəlxalq institutların, təhlilçilərin də diqqətindən yayınmır. Məsələn, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatlarından birində yazılıb ki, Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır. Qeyd olunub ki, rusiyalı analitiklər də bu mövzuda bənzər iddialarla çıxış edirlər: “Onlar, həmçinin Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdığına görə tənqid ediblər. Analitiklər bunun əsas günahkarı kimi baş nazir Nikol Paşinyanı göstərirlər”.
Bütün hallarda “od olmayan yerdən tüstü çıxmaz”. Baş verən proseslər onu deməyə əsas verir ki, doğrudan da Ermənistan regionda yenidən "suları bulandırmağa" çalışır. Rəsmi İrəvan hərbi təxribatlar törətməklə yanaşı, həm də işğal altındakı səkkiz kəndin taleyi məsələsini gündəmdən çıxarmaq istəyir.
Əslində, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Aİ-nin ali nümayəndəsi Josep Borrelin iştirakı ilə aprelin 5-də Brüsseldə keçirilmiş görüş ərəfəsində vəziyyətin gərginləşəcəyi gözlənilən idi.
Brüssel görüşünün Ermənistan üçün vacibliyini, Qərbin İrəvana maliyyə yardımı ayırdığını nəzərə alsaq, deyə bilərik ki, bu, bölgədəki siyasi və hərbi vəziyyətə də təsir edəcək. Çox güman ki, İrəvan yaxın günlərdə yenidən sülh gündəliyindən yayınmağa çalışacaq, hərbi təxribatlara əl atacaq. Bu isə Azərbaycan ordusunun adekvat cavab tədbirləri ilə nəticələnəcək.
Əlbəttə, məntiqlə düşünsək, deməliyik ki, Ermənistan hakimiyyəti hərbi əməliyyatlar istəmir. Bunun üçün qarşı tərəfin maddi və hərbi gücü yoxdur. Hətta Paşinyan hakimiyyəti başa düşür ki, belə bir ssenarinin nəticəsi olaraq daxildə xalq ayağa qalxaraq mövcud iqtidara etiraz edəcək.
Lakin Nikol Paşinyan bütün bunları bilə-bilə “Qərbin ipi ilə quyuya düşür”. Çünki onun iradəsi artıq özündən asılı deyil, Qərbin "çaldığı havaya oynamaq" məcburiyyətindədir...
Oxşar xəbərlər
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY - FOTO
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb". BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun...