Qərbi Azərbaycan Xronikası: erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ toponimləri
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Baytar/baydar türk etnonimindən yaranan Baydarçay" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ toponimi və Baydarçay hidronimi haqqında söz açılır.
Bildirilir ki, şovinist, daşnak ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində yox edilən türk izləri, müxtəlif mənbələrdən silinən toponim adları Azərbaycanın var olan torpaqlarının tarixi gerçəkliyinin sübutudur.
Bayburd - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilib və 5-ci əsrdən mövcuddur. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə ermənilər tərəfindən qırğınlarla qovulub. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıdıblar. Onlar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə yenidən tarixi-etnik torpaqlarından deportasiya ediliblər.
Bəydağ - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq vəhşicəsinə qovulub, 1923-1924-cü illərdə yenidən doğma ocaqlarına dönüblər. Ermənilər buraya 1929-1930-cu illərdə köçürülüb və kənd 1959-cu ildə Qafan şəhərinə birləşdirilib.
Baydarçay - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Mollaqışlaq kəndində çay adıdır.
Sonda vurğulanır ki, indiki Ermənistan ərazisində tarixən mövcud olmuş Azərbaycan mənşəli toponimlərin erməni saxtakarlığı nəticəsində dəyişdirilməsi və bu yerlərdən azərbaycanlıların deportasiya edilməsi danılmaz tarixi həqiqətdir: "Təbii ki, bu gün həqiqət işığına toplaşan yüzminlərlə insanın doğma ocaqlara yenidən qayıdışı ilə tarixi ədalət bərpa olunacaq, soydaşlarımızın yurd həsrətinə son qoyulacaq".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib. BAKU.WS xə...