Qərbi Azərbaycan Xronikası: "İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb"

Qərbi Azərbaycan Xronikası: İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb
Video
Siyasət 24

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "İrəvan sarayı əsasən Süsən gülünün təsviri ilə bəzədilmişdi" adlı buraxılışda Azərbaycan Rəssamlar İttifaqının üzvü, araşdırmaçı, tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvan sarayında təsvir olunan simvolların mistik mənasından söz açıb.

O bildirib ki, İrəvan sarayı əsasən Süsən gülünün təsviri ilə bəzədilmişdi. Mirzə Qəsim İrəvani kosmik aləmin izahını həndəsi həllə sarayda əks etdirmişdi. Süsən gülü yaradana səcdə elementi kimi təsvir edilirdi.

Onun sözlərinə görə, Qərbi Azərbaycan incəsənətində Həyat ağacının fərqli obrazları var: "Qərbi Azərbaycanda yaşayan türklərin oturuşmuş mədəni mühiti var idi. İrəvandakı hamamlar həm də mədəniyyət mərkəzləri idilər. Azərbaycan teatrının əsası 1673-cü ildə İrəvanda qoyulub. Həmin dövrdə İrəvanda peşəkar Azərbaycan teatrı mövcud olub. İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb. Azərbaycanlılar İrəvanı dövrün dəhliz kəsişməsinə çevirmişdilər".

İ.Sərdarlı deyib ki, İrəvan xanı tərəfindən xanlıq böyük iqtisadi və mədəni mərkəzə çevrilmişdi. Rus işğalı dəhlizlərin mərkəzi olan İrəvanı dalan əyalətə çevirdi. İrəvan xanlığı dövrün böyük iqtisadi zonası idi.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər