Qarabağ bölgəsində səsvermə seçicilərin fəallığı ilə başlayıb - FOTO
Qarabağ bölgəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər seçicilərin fəallığı ilə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə dairə seçki komissiyalarından AZƏRTAC-a bildirilib.
Verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə istədikləri namizədə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.
Ağdam rayonunda seçkilər 118 və 119 saylı dairələrdə keçirilir. 118 saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının 46 məntəqəsi 40 min 400 seçicini əhatə edir.
Seçicilərdən 469 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 73-ü 18 yaşda olanlardır. Məcburi köçkün ağdamlılar Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər.
Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Dairə üzrə 8 nəfər deputatlığa namizəd qeydə alınıb.
Səsvermənin gedişini izləmək üçün 1 və 28 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Seçki prosesini 591 müşahidəçi izləyir.
119 saylı Ağdam kənd seçki dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə 42 min 447 seçici qeydə alınıb.
Seçicilərin 1348 nəfəri 80-100 yaş arasında, 6 seçicinin yaşı isə 100-dən yuxarıdır. Seçki məntəqələrinin 2-sində veb-kamera quraşdırılıb.
Səsvermənin gedişini 525 nəfər müşahidəçi izləyir. Dairə üzrə 8 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.
48 saylı Yevlax seçki dairəsinin 31 seçki məntəqəsi üzrə 35 min seçici qeydə alınıb. Səhər saatlarından dairə üzrə seçicilərin fəallığı müşahidə edilir.
Yevlaxlı seçicilər 7 namizəddən istədiklərinə səs verirlər. Səsvermənin gedişini 392 nəfər müşahidəçi izləyir. Seçki məntəqələrinin 15–də veb-kamera quraşdırılıb.
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilər 38 seçki məntəqəsində keçirilir.
Dairə üzrə 36 min 950 seçici qeydə alınıb. Səkkiz namizədin mübarizə apardığı dairədə seçkilərin gedişini 365 müşahidəçi izləyir.
“İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu (Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birlikdə) 4 saylı seçki məntəqələrində “exit-poll” keçirir.
Parlament seçkiləri 81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də seçicilərin yüksək fəallığı ilə başlayıb.
Dairə üzrə 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Sesvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 namizəd mübarizə aparır.
Seçkilər 82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.
Dairə üzrə 9 nəfər namizəd qeydə alınıb. Səsvermə prosesini izləmək üçün 7 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 47 min 504 nəfərdir. Seçkiləri 724 müşahidəçi izləyir.
83 saylı Ağcabədi - Füzuli seçki dairəsinin sədri İbrahim Həsənov bildirib ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38 min 459 seçici səs verməlidir.
Seçicilərdən 504 nəfərin yaşı 80-100 arası, 7 nəfərin yaşı isə 100-dən yuxarıdır. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb.
Seçkiləri 493 müşahidəçi izləyir. 1, 2, 21, 23 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.
84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir.
Seçicilərin ümumi sayı 46 min 374 nəfərdir. 7 məntəqədə seçkilərin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür.
Seçkiləri müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1064 müşahidəçi izləyir. “Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 seçki məntəqəsində “exit-poll” keçirir.
93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyevin verdiyi məlumata görə, 50 seçki məntəqəsi üzrə 44 min 244 seçici qeydə alınıb.
Seçicilər seçki məntəqələrinə gələrək azad və sərbəst şəkildə 6 namizəddən istədiklərinə səs verirlər. Seçki prosesini izləmək üçün 792 müşahidəçi qeydiyyatdan keçib. 11 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
94 saylı Bərdə kənd seçki dairəsində parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. 6, 11, 22, 27, 45 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Səsvermənin gedişini 745 nəfər müşahidəçi izləyir. Qeydə alınmış 45 min 570 seçicinin 15-nin yaşı 100-dən yuxarıdır. 30 saylı məntəqədə qeydə alınmış 126 yaşlı Səmərqa Allahverdiyeva nəinki rayonun, ölkənin ən yaşlı seçicisidir.
Parlament seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kameralar quraşdırılıb.
Dairə üzrə seçicilərin ümumi sayı 38 min 284 nəfərdir. Seçkidə 12 namizəd mübarizə aparır. Seçkiləri 515 müşahidəçi izləyir.
Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın seçki dairəsini əhatə edən 102 seçki məntəqəsi respublikanın 58 şəhər və rayonda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.
Dairə seçki komissiyasından verilən məlumata görə dairə üzrə seçicilərin ümumi sayı 47 min 827 nəfərdir. Seçicilərdən 1780 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 105-i 18 yaşda olanlardır. 1790 nəfər seçici 80-100 yaş arasında, 8 seçicinin yaşı isə 100-dən yuxarıdır.
Dairə üzrə 9 nəfər deputatlığa namizəd qeydə alınıb. Seçkilərin gedişini 1089 nəfər müşahidəçi izləyir. Laçınlı məcburi köçkünlər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
Oxşar xəbərlər
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
Milli Məclisə seçkilərdə aktiv və passiv seçki dairələri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin...