Qarabağ azad olandan sonra danışıqlar haradan başlayacaq?

Qarabağ azad olandan sonra danışıqlar haradan başlayacaq?
Siyasət 6171

Bütün müharibələr diplomatik danışıqlarla başlayır, onunla da bitir. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı məsələnin də gec-tez danışıqla başa çatacağı istisna edilmir. Elə əks-hücum başlayandan bəri münaqişənin həllində bir addımın atılmasına nail olmayanlar yenə danışıqlardan, atəşkəsdən danışırlar.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu qüvvələr hələ də Azərbaycan və Ermənistana eyni məsafədən yanaşırlar. Bu bərabər məsafədən yanaşma daha çox ermənilərin xeyrinə işləyir. Hakim rolunda çıxış edən həmin iddiaçılar hələ də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul, onun həmin ərazidən çıxmasını tələb etmirlər.

Deməli, 28 ildir vasitəçilərin apardığı danışıqlar nəticə verməyib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərləri daha çox turist səyahətini xatırladıb. Azərbaycanın haqlı tələbləri qarşılığında beynəlxalq vasitəçilər müxtəlif diplomatik terminlərlə vaxtı uzadıblar. Belə vəziyyət isə daha çox ermənilərin, Ermənistanın və separatçıların xeyrinə olub. Vəziyyətdən istifadə edən Ermənistan özünü Qarabağın “yiyəsi” kimi aparmağa çalışıb. 2018-ci ilin aprel hadisələri nəticəsində hakimiyyətə gələn yeni qüvvələr də reallıq hissini itirərək işğaldan əl çəkmədi.

Əksinə, bu cinayəti daha da dərinləşdirməyə çalışdı. Başqa sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan da özündən əvvəlkilər kimi Qarabağdakı erməni icmasından siyasi oyunlar üçün istifadə etməyə başladı. Özünü Qarabağ münaqişəsinin həllində "novatorçu" göstərmək üçün separatçıların tərəf kimi qəbul olunmasını təklif etdi. Bu və başqa belə təklifləri ilə rəsmi Yerevan danışıqların gedişini pozmağa çalışırdı. Həmsədrlər isə ənənəvi olaraq Ermənistan hakimiyyətinin başını sığallamaqla günü külə sovururdu. Vəziyyət o yerə çatdı ki, Ermənistan Dağlıq Qarabağda daha da möhkəmlənib, Azərbaycanın əlavə ərazilərini işğal etmək üçün hücuma keçdi.

Ermənistan hakimiyyətinin davranışı, beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi Azərbaycana məsələnin həlli ilə bağlı öz variantını irəli sürməyə vadar etdi. Rəsmi Bakı əks-hücum əməliyyatına başladı. Bu müddət ərzində işğal altında olan torpaqlar Ermənistanın və havadarlarının işğalından azad edilir. Danışıqlar dayanıb, həmsədrlərin fəaliyyəti yox dərəcəsindədir. ATƏT-in fəaliyyətdə olan sədrinin təmsilçiləri işsiz qalıb.

İndi müharibə gedir. Danışıqlarda olduğu kimi döyüşdə də Azərbaycan tərəfi üstün mövqedədir. Azərbaycanı üstün edən ən başlıca amil Qarabağ və ətraf rayonların ona məxsus olmasıdır. Bu həqiqəti Ermənistan və vasitəçilər etiraf edib danışıqları uğurla başa çatıdıra bilmədi. Onların ədalətsiz mövqeyi və fəaliyyətsizliyi ucbatından cəbhədə insan qanı axır. Başqa sözlə, tökülən qanların məsuliyyətinin bir hissəsi Ermənistanın və separatçıların, bir hissəsi isə vasitəçilərin, xüsusilə həmsədrlərin üzərinə düşür. Ermənistan öz vətəndaşlarını və Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarını bu savaşın girovuna çeviriblər. Azərbaycanın əks-hücum əməliyyatı nəticəsində ermənilər bu girovluqdan da xilas ediləcək.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatı davam edir. Əməliyyatın dayanması üçün Azərbaycanın başlıca şərti Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” telekanalına müsahibəsində bu məsələni belə vurğulayıb:

“Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər”. Deməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunacağı halda danışıqlar başlaya bilər. Ancaq bunun heç də Ermənistanın və havadarlarının əvvəllər irəli sürdüyü şərtlər daxilində olması ehtimalı çox azdır.

Əvvəllər ermənilər himayədarları və havadarlarının yardımı ilə Azərbaycan torpaqlarını işğal etmiş, ora əlavə insanlar köçürərək Qarabağı “erməniləşdirmişdi”. Bu şəriatdə özünü şəraitin və vəziyyətin sahibi hiss edir, ağılagəlməz şərtlər irəli sürürdü. Bundan sonra beynəlxalq vasitəçilərin, Ermənistanın və havadarlarının əvvəlki mövqedən çıxış etməsi çətin olacaq. Belə bir şəraitdə Azərbaycan tərəfi yeni variant təklif edə bilər. Bu, sıfır variantıdır. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı olaraq qəbul edib, Azərbaycanın suveren hüquqları, konstitusiyası daxilində onların istəklərini təmin edə bilər. Bu isə daha çox Azərbaycanın daxili məsələsinə çevrilər.

Beləliklə, müharibədən sonra danışıqlar baza prinsipi, Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi dəyişmədən sıfır variantı əsasında başlaya bilər. Hələlik döyüşlər davam edir, torpaqlar təmizlənir. Azərbaycan əsgəri həm ərazilərini işğaldan azad, həm də bölgəni Ermənistan adlı təhlükədən və təhdiddən xilas edir.

Son xəbərlər