Putinin müşaviri İrəvandakı Qarabağ danışıqlarının detallarını açıqladı
"Ermənilər 5 rayonu qaytarmağa hazırdır, ancaq...”; Moskva Sərkisyandan həm güzəşt gözləyir, həm də onun hakimiyyəti üçün əndişəlidir...
Qarabağ konflikti ətrafında 4 günlük savaşdan sonra yaranmış yeni situasiyada qeyri-müəyyənlik davam eləsə də, yeni maraqlı gəlişmələr var. Xüsusən də Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfəri hələ də ciddi müzakirə predmetidir.
Nazirin həmin səfər zamanı söylədiyi, ilk baxışda xeyrimizə olmayan bəzi neqativ açıqlamalarına rəğmən, belə görünür, Ermənistan rəhbərliyi ilə Qarabağ mövzusunda müzakirələr həqiqətən gərgin keçib. İlkin qənaət ondan ibarətdir ki, işğalçı Ermənistan və onun əsas müttəfiqi Rusiya işğal altındakı ərazilərimizin ən azı, bir hissəsinin qaytarılmasının vaxtı çatdığını artıq anlayır, bunun gecikdirilməsinin bölgədə böyük bir savaşa gətirəcəyinin fərqindədir.
O da aydın olur ki, erməni tərəfinin "status (Dağlıq Qarabağın tanınması -red.) qarşılığında ərazilər” israrı daha məqbul sayılmır və gündəlikdən çıxmış hesab oluna bilər. Ona görə ki, problemin həlli üçün paket yox, mərhələli model ətrafında müzakirələrin getdiyi daha çox ehtimal edilir. Bu isə İrəvanı narahat edir. Ermənilər təlaşdadır ki, işğal altındakı bir neçə rayon qaytarıldıqdan sonra Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə əlavə təhdidlər yaranacaq, çünki onların fikrincə, "Azərbaycana etibar yoxdur”. Ermənistanın indiki rəhbərliyinin daha bir əndişəsi ərazi güzəştindən sonra Sərkisyan rejiminin siyasi ömrünün başa çatacağı ilə bağlıdır.
Bu arada Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru və prezident Vladimir Putinin etibarlı şəxslərindən sayılan Serqey Markov Moskva-Bakı portalına müsahibəsində Sergey Lavrovun İrəvan səfərinin sensasion detallarından danışıb (virtualaz.org). Politoloq bildirib ki, nazirin səfəri çərçivəsində müzakirə mövzularında biri Serj Sərkisyana və ölkə əhalisinə Rusiyanın Qarabağ məsələsinin həllinə dair planının həyata keçirilməsi vacibliyini izah etməkdə köməklik göstərmək olub. Belə ki, Ermənistanda "Kazan sənədi”nə qarşı kifayət qədər kəskin reaksiya müşahidə olunmaqdadır.
"Mən faktiki əminəm ki, ”Kazan sənədi" və onun müxtəlif variantları tətbiq edilir. Sənəd əvvəl qəbul olunmadı... Daha doğrusu, onun qüvvəyə minməsi, imzalanması üçün formulu dəyişmə qaydası müzakirə predmetinə çevrildi. Görünür, danışıqlarda əsas məqam da məhz bu olub", - deyə Putinin müşaviri qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda əksəriyyət bu planı ciddi güzəşt hesab edir və hətta Sərkisyanı Rusiya rəhbərliyinin istəklərinə zidd olaraq, devirməklə təhdid edirlər. "Sərkisyan sənədi imzalasa belə, onu devirsələr, plan yekunda icra olunmayacaq” - Markov vurğulayıb. O, eyni zamanda müzakirə oluna biləcək bəzi digər detallar barədə də məlumat verib.
"Birincisi, bu, Azərbaycana qaytarılacaq rayonların sayı ilə bağlıdır. Plana əsasən, 6 rayon və Laçın rayonunun bir hissəsi qaytarılır, ölkəni Dağlıq Qarabağla əlaqələndirən Laçın dəhlizi isə işğal altında qalır. İkincisi - Dağlıq Qarabağla bağlı referendum sənədinə girişdə nələrin salınmasıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri və Madrid prinsiplərindən çıxış edir. Bu isə öz növbəsində Ermənistan tərəfini qane etmir.
Çünki həmin qətnamələrdə qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycana məxsus olduğu halda isə referendum keçirmək mümkünsüzdür. Azərbaycan qətnamələrdə göstərilənlərə zidd referendumun keçirilməsini istisna edir. Üçüncüsü isə qaçqınlar, onların səsvermə hüququ və köçürülməsidir.
Məlum məsələdir ki, bu gün yalnız ermənilərin məskunlaşdığı Dağlıq Qarabağda referendum keçirilərsə, əhali müstəqilliyə səs verəcək, çünki orada heç bir qaçqın yoxdur. Deməli, qaçqınlar məsələsi, yəni onların səs verə bilməsi və ümumiyyətlə, kimin qaçqın hesab olunması kimi məsələlər həll yolunu tapmalıdır” - politoloq əlavə edib.
Yeni situasiya fonunda Lavrovun son İrəvan ziyarəti və erməni tərəfinin Qarabağ məsələsində maksimalist tələbləri, o sırada separatçı rejimin müstəqilliyi iddiaları ilə bağlı Ermənistanda da qızğın müzakirələr gedir. Və belə görünür, erməni cəmiyyətinin müəyyən hissəsində, xüsusən də ekspert ictimaiyyətində artıq bu tələbin utopiya olması dərk edilməyə başlayıb. Tanınmış erməni analitiki İqor Muradyanın "Qarabağın müstəqilliyi kimə lazımdır?” məqaləsi xüsusilə diqqət çəkir.
"Erməni cəmiyyəti üç siyasi rejim yaşayıb, ancaq onların heç biri Qarabağ əyalətinin müstəqilliyini tanımayıb. Təkcə siyasi rejimlər deyil, erməni toplumu da buna olduqca laqeyd yanaşıb. Cəmiyyət bu tanınmaya hazırdımı?” - yazır politoloq.
Muradyan ardınca deyib: "Qarabağ əhalisi uzun müddət anabioz vəziyyətdə olub və müstəqillik əldə olunması üçün heç nə etməyib. Üstəlik, Minsk Qrupunun təsir dairəsində ola-ola - hansı ki, açıqca müstəqilliyi istisna edir - yenə suverenlikdən necə danışmaqda davam eləmək olar? İki il öncə Stepanakertdə (Xankəndi-red.) Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiyaya dəstək aksiyası keçirildi. Bu ciddi bir hadisə idi və amerikalılar ondan sarsıldılar. Qarabağ sakinləri hələ uzun müddət bunun altını çəkəcək, bədəlini ödəyəcəklər. Bədəl sərt olacaq və bu, ona baha başa gələcək. Qarabağ əhalisi rusların aciz qulu olmaqla axmaq bır vəziyyətə özünü salıb”.
Erməni analitik yazısını belə bitirir: "Mən artıq bir dəfə demişəm: Putinin müşaviri İrəvanı xəbərdar edib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəhd eləsə, bu, onun üçün fəlakətlə nəticələnəcək. Ermənistanın ”tərəfdaşı" niyə bunu deyir? Ona görə ki, Güney Qafqazda Amerika təsiri olmamalıdır. Yalnız Rusiya. Hansı müstəqillikdən danışmaq olar əgər Qarabağ və Ermənistan Rusiyanın vassalı olaraq qalırsa?"
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə parlamentin dünənki iclasında 4 günlük aprel savaşında erməni ordusunun çoxsaylı itkilərinə görə müdafiə nazirini və baş qərargah rəisini parlamentə çağırıb izahat istəməyi tələb edib. O, erməni ordusunun itkilərinin heç də Rusiyanın Azərbaycana satdığı silahlara görə olmadığını deyib.
"Bizim ona görə bu qədər itkimiz var ki, əsgərimiz axşam saat 8-dən sonra heç nə görmür, çünki gecəgörmə cihazları yoxdur. Bizim ona görə bu qədər itkimiz var ki, orduda adi rabitə vasitələri çatışmır, əsgərlər bir-biri ilə mobil telefonla əlaqə saxlayır və nəticədə hədəfə çevrilir. Əsgərlər hələ də 25 il əvvəlki köhnə rabitə vasitələrini istifadə edir”, - keçmiş baş nazir bildirib. Baqratyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyətini yarıtmaz adlandırıb. Onun sözlərinə görə, orduya ayrılan vəsaitlərin nə dərəcədə effektiv xərcləndiyini aydınlaşdırmaq üçün müdafiə naziri hesabat verməlidir.
Bu kimi fikirlər sözsüz ki, işğalçı Ermənistana Qarabağla bağlı hökm sürən bədbin ovqatın, məyusluğun, ruh düşkünlüyünün təzahürüdür. Azərbaycan ordusu hələ cəmi 1-2 yüksəkliyi azad edib, 1-2 rayonu işğaldan təmizləsə, ermənilər nəinki müstəqillik xülyasını birdəfəlik unudacaq, 1992-ci ilin yayındakı kimi, mədəni muxtariyyət xahiş edəcəklər. Bir şey aydındır ki, Qarabağ prosesinə indi təkcə Rusiya yox, 22 ildən sonra artıq Azərbaycan ordusu da qarışıb. Erməniləri ən çox təlaşlandıran da budur.
BAKU.WS
Oxşar xəbərlər
Rusiya hərbi rəhbərliyi İrəvana zəng vurub, dəstəyi götürən olmayıb
Ermənistan mətbuatı Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana ötən həftə baş tutmuş səfərinə dair yeni təfərrüatları yayıb. "Qraparak” qəzetinin yazdı...