Prezidentdən oliqarxlara sərt xəbərdarlıq: "Əgər onlar bunu istəmirsə..."
"Bəli, mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, əgər onlar torpağının əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin: "Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək. Biz yalnız birinci mərhələdə qanunsuz zəbt edilmiş 200 min hektar torpağı insanlara qaytarmışıq. Çünki bu gün kənd təsərrüfatında gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa etmişik. Hava şəraitinin pisləşməsinə baxmayaraq, - oktyabr ayında aramsız yağışlar yağırdı, qoymurdu ki, məhsul yığılsın, - bu il 60 min ton, yəni, keçən illə müqayisədə iki dəfə çox pambıq tədarük edilib. Amma hələ ki, yığım gedir və biz istədiyimiz rəqəmə çatacağıq. Gələn il isə 250 min ton, bəlkə də 300 min ton pambıq yığılacaq. Biz pambıqçılığın şöhrətini qaytaracağıq. O cümlədən Füzuli rayonunda pambıqçılığın inkişafı üçün çox gözəl imkanlar var. Yəni, bu, insanlar üçün məşğulluq deməkdir. Bu, hər bir rayonun inkişafı deməkdir. Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq"
"Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq". BAKU.WS AZƏRTAC-a istinadən bildir...