Prezident: “KİV vasitəsi ilə müxtəlif təxribatlar ortaya atılır” - FOTO
Bunu bu gün Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Dövlət başçısı qeyd edib ki, gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır.
"Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr verib, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görüblər”, - deyə o vurğulayıb.
Aprel döyüşlərindən danışan Prezident deyib ki, gənclərimizin erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. "Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar. Bu böyük parlaq qələbəni gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq, ordumuz qazanıb. Amma əsas özünü qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bizim gənclərimiz bayrağımızı Rio Olimpiya Oyunlarında qaldırıblar. Biz medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman aləmində birinciyik. Yenə də bunu gənclər edib”.
BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev şagirdlərlə bir arada (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binası...