Prezidentdən iş axtaranları sevindirəcək xəbər
"Dövlət tərəfindən qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, - hələ ki rüb başa çatmayıb, - dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Bu, mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək".
BAKU.WS-in məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənlikdə çıxışı zamanı bildirib. Prezident qeyd edib ki, xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır.
"Yəni, bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları tərəfindən 30 minə yaxın iş yeri açılmışdır. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıbdır. Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək", - deyə prezident əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. İlham Əliyev aparılan islahatların bizi daha da gücləndirəcəyini söyləyib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Kosa və Keçəllə yumurta döyüşdürdü (VİDEO, FOTO)
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və x...