Prezident İlham Əliyevin verdiyi mesajlar Ermənistanda diqqətlə izlənilir və siyasi proseslərə təsir edir

Prezident İlham Əliyevin verdiyi mesajlar Ermənistanda diqqətlə izlənilir və siyasi proseslərə təsir edir
Siyasət 34

Prezident İlham Əliyevin verdiyi mesajlar Ermənistanda diqqətlə izlənilir və siyasi proseslərə təsir edir.

Bu fikirləri "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfərini, eləcə də Prezidentin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimindəki çıxışını şərh edərkən deyib.

Prezident çıxışlarında hər zaman Azərbaycanın heç bir dövlətin ərazisində gözünün olmadığını bildirib

O, Prezident İlham Əliyevin qərbi Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması faktını dilə gətirməsinə toxunub:

"Cənab Prezidentin bütün bunları ifadə etməkdə məqsədi Türkiyə cəmiyyətinə tarixi mənzərəni daha aydın göstərmək olub. Bütövlükdə isə, Prezident çıxışlarında hər zaman Azərbaycanın heç bir dövlətin ərazisində gözünün olmadığını bildirib. Burada söhbət 1988-ci ildə oradan qovulan azərbaycanlıların geri dönməsi, onlar üçün şəraitin yaradılmasındadır".

Qərbi Zəngəzur Ermənistana verilməsəydi, Sovet dövlətində Ermənistan adlı respublika olmayacaqdı

Fuad Hüseynəliyev qərbi Zəngəzurun Sovet hakimiyyəti dönəmində Ermənistana verilməsindən danışıb:

"Əgər bu baş verməsəydi, Sovet dövlətində Ermənistan adlı respublika olmayacaqdı. Çünki ərazisi çox kiçik idi, bununla da ayrı bir respublika statusu almaq şansı çox aşağı idi. Düşünürəm ki, burada məqsəd Türkiyənin Azərbaycanla sərhədini azaltmaq, iki dövlət arasında erməni dövləti yaratmaq və geosiyasi məsələlərə təsir etmək idi".

"Report" İnformasiya Agentliyinin direktoru Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin soyumasına dair iddiaların heç bir əsasının olmadığını vurğulayıb:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması isə bütün bu iddiaların üzərindən bir daha xətt çəkir. Bu, Azərbaycanla Türkiyənin birlikdə yeni layihələrə açıq olduğunu, regional siyasətdə bərabər hərəkət etdiyini göstərir. Məsələn, Suriyada yeni hakimiyyət qurulandan sonra Azərbaycan Türkiyənin ardınca oraya humanitar yardım göndərən, siyasi məsləhətləşmələr aparan ilk dövlətlərdən idi".

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasa, Ankara ilə İrəvan arasında münasibətlər düzələ bilməz

F.Hüseynəliyev Türkiyənin indiki məqamda Azərbaycan və Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasını gözlədiyini qeyd edib:

"Bunun fonunda İrəvanla münasibətlər qaydasına qoyula bilər. Şübhəsiz, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasa, Ankara ilə İrəvan arasında münasibətlər düzələ bilməz. Hansı ki bunu Türkiyə tərəfi bunu dəfələrlə bildirib"

Direktor Türkiyə Prezidentinin "Biz birlikdə sülh istəyirik" fikrini də şərh edib:

"Bu bir daha onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh bağlanmadığı halda, Ermənistan Türkiyədən praktiki addım gözləməməlidir".

Son xəbərlər