Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Bal Festivalında çıxışında deyib.
"Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü ilin o qanlı-qadalı günlərini yaşım az olsa da – təqribən mənim 13-14 yaşım var idi – o günləri çox gözəl xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, çörəksiz, qidasız, ilk üz tutduqları yerlərdən biri də məhz Gəncə şəhəri idi. O zaman onların yerləşdirildiyi ilk məntəqələrdən biri də Gəncə Şəhər Texnologiya Universitetinin yataqxanası idi, hansı ki, bizim evimiz onun yaxınlığında yerləşirdi", - H.Hacıyev qeyd edib.
H.Hacıyev bildirib ki, Kəlbəcər sakinlərinin həmin dövrdə yaşadığı hadisələri böyük təəssüf hissi ilə xatırlayır:
"O günləri mən hələ də böyük faciə hissi ilə xatırlayıram, yaşımın az olmasına baxmayaraq. Kəlbəcər sakinləri böyük, ağır əzabdan keçərək, Ömər aşırımını, o qarlı, qadalı günlərdə ayaqyalın, başıaçıq keçərək Gəncə şəhərinə pənah gətirmişdilər".
H.Hacıyev Kəlbəcərin uzun müddət mühasirədə qaldığını vurğulayıb: "Təəssüflər olsun ki, Kəlbəcər şəhərinin, kəlbəcərlilərin həmin dövrdə mühasirədə olmasını heç də beynəlxalq ictimaiyyət, hətta Azərbaycanın öz içərisində həmin dövrdə hakimiyyətdə olan bəzi qüvvələrin səriştəsizliyi nəticəsində insanlarımız hiss edə bilmirdilər. Kəlbəcər bir ilə yaxın müddətdə mühasirədə idi. Bir tərəfdən Ağdərə istiqamətində Ermənistan qoşunları mühasirəyə almışdılar. Laçının işğalından sonra Kəlbəcərin o istiqamətdə yolu bağlanmışdı. O biri tərəfdən də Ermənistan, digər bir tərəfdən isə Murov dağlarının əhatəsində olan kəlbəcərlilər. Amma onlar - Kəlbəcər sakinləri, kəlbəcərlilər öz əzmlərini, inamlarını, qürurlarını itirmədilər".
Prezidentin köməkçisi Kəlbəcərin işğalı zamanı baş verən Tunel faciəsini də xatırladıb:
"Tunel faciəsini hələ də biz xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçusu Monte Melkonyan, hansı ki, Yaxın Şərqdən gəlmişdi, tunelin girəcəyində onlar pusqu qurmuşdular. Xocalı faciəsi qədər orada bir qəddar faciə baş verdi. Biz bunları unutmamalıyıq, bunlar da bizim tariximizin bir hissəsidir və orada Kəlbəcərlilərə ağır divan tutuldu".
O, həmin dövrdə Kəlbəcərli qadınların üzləşdiyi faciədən də danışıb:
"Və həmin zaman öz namusunu, qeyrətini qoruyan bizim Kəlbəcərli bacılarımız özlərini Tərtər çayına atdılar ki, xilas olsunlar".
H.Hacıyev bu hadisələrdən danışmağın çətin olduğunu, lakin həmin günlərin artıq geridə qaldığını deyib:
"Bunları yenə də mənə danışmaq hər birimiz üçün çətindir, amma çox xoş olan hissdir ki, o anlar artıq keçmişdə qalıb. Biz gözəl Kəlbəcərdəyik, Kəlbəcərdəyik".
H.Hacıyev uşaqlıq illərində Kəlbəcərdə olmadığını, Kəlbəcərli dostlarının şəhərin gözəlliyindən danışdıqlarını bildirib:
"Mənə nəsib olmamışdı mən Kəlbəcərdə olum uşaqlıq illərində. Həmişə Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar, təsəvvür eləyirdim, amma belə gözəl olduğunu həqiqətən mən təsəvvür də edə bilmirdim. Kəlbəcər çox gözəldir".
O, Kəlbəcərin hazırda yenidən qurulduğunu və inkişaf etdiyini vurğulayıb:
"Və bu gün cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və bundan sonra da Prezident İlham Əliyevin siyasəti nəticəsində burada daha da böyük işlər görüləcəkdir".
Oxşar xəbərlər
Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib
7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi...