Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük"

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? Biz m10la ödəniş götürmürük
Video
Hadisə 136

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir.

Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10" tətbiqindəki QR-kod vasitəsilə ödənişin mümkün olub-olmadığı soruşulub.

Müşahidələr zamanı mağazaların böyük əksəriyyətində "m10" vasitəsilə QR-ödənişinin qəbul edilmədiyi məlum olub. Satış məntəqələrinin əməkdaşları bunun səbəbini müxtəlif amillərlə izah ediblər. Bəzi mağazalarda problemin şirkətdən qaynaqlandığı, digərlərində isə "m10" QR-ödəniş sisteminin hazırda işləmədiyi bildirilib.

Yalnız iki mağazada "m10" tətbiqindəki QR-kod vasitəsilə ödənişin mümkün olduğu qeyd edilib. Beləliklə, bəzi ticarət obyektlərində bu ödəniş üsulunun qəbul edilməməsi ilə bağlı iddialar müşahidələr zamanı təsdiqini tapıb.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırda bəzi mağaza, market və digər ödəniş nöqtələrində QR-kod vasitəsilə ödəniş qəbul edilsə də, bütün ticarət obyektlərində bu sistemdən istifadə etmək mümkün deyil.

Bildirilir ki, QR-ödənişlərinin genişləndirilməsində əsas məqsədlərdən biri nağdsız və rəqəmsal ödənişlərin təşviq edilməsidir. Eyni zamanda, bu üsul ödənişlərin daha aşağı xərclə həyata keçirilməsinə və xarici ödəniş sistemlərinə yönələn vəsaitin azalmasına imkan yarada bilər.

Mütəxəssis qeyd edib ki, banklar bu sistemdən əldə olunan qənaətin müəyyən hissəsini keşbek formasında müştərilərə qaytara bilirlər. Bu səbəbdən bəzi hallarda QR-kodla aparılan ödənişlər üzrə keşbek faizi daha yüksək olur.

Məsələ ilə bağlı "m10" şirkəti ilə də əlaqə saxlanılıb. Şirkət tərəfindən əvvəlcə müraciətə münasibət bildiriləcəyi qeyd olunsa da, sonradan açıqlama təqdim edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər