Paşinyan siyasətini dəyişir: Ermənistan-Rusiya dostluğundan danışmaq hələ tezdir

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini yenidən nəzərdən keçirmək niyyətində olmadığını və Azərbaycanla kommunikasiyaların qarşılıqlı açılması məsələsində Moskvanın iştirakına ehtiyac görmədiklərini bildirib.
BAKU.WS "news.ru" portalına istinadən xəbər verir ki, bununla yanaşı, Simonyan Ermənistanın Rusiya ilə münasibətlərdə gərginlik istəmədiyini vurğulayıb.
Daha əvvəl KİV-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva ilə əlaqələri yaxşılaşdırmağı tapşırdığı barədə xəbərlər yayılmışdı.
Bəs İrəvanın bu ziddiyyətli bəyanatları nə deməkdir? Paşinyan həqiqətənmi Rusiya ilə yaxınlaşmağa hazırdır?

Ermənistan parlamentinin sədri Alen Simonyan 25 martda keçirdiyi brifinqdə Ermənistanın KTMT ilə bağlı mövqeyini dəyişmək niyyətində olmadığını bəyan edib.
"Biz KTMT ilə bağlı nəyi yenidən nəzərdən keçirməliyik? KTMT özü nəzərdən keçirməlidir ki, mövcuddur, ya yox. Əgər mövcuddursa, sərhədin harada keçdiyini və nə etməli olduğunu bəyan etməlidir", – deyə Simonyan bildirib.
Eyni zamanda o, Ermənistanın Rusiya və Azərbaycanla üçtərəfli formatda kommunikasiyaların açılması üzrə əməkdaşlığa qayıtmaq niyyətində olmadığını vurğulayıb.
"Xeyr, belə bir məsələ müzakirə olunmur. Bilmirəm, siz bunu haradan götürürsünüz. Hər şeydə Rusiyanın kölgəsini görməkdən vaz keçin – istər müsbət, istərsə də mənfi mənada. Bu mövzunu bağlayın", – deyə o əlavə edib.
Simonyan həmçinin Ermənistan hökumətinin Paşinyanın tapşırığı ilə Rusiya ilə əməkdaşlığı gücləndirmək istiqamətində fəallaşdığı barədə xəbərləri təkzib edib.
Bununla belə, o, Ermənistanın Rusiya ilə münasibətlərdə gərginliyi daimi saxlaya bilməyəcəyini etiraf edib:
"Bizim münasibətlərimizdə problemlər olub, bəzi məsələlər qaldırılıb və yenə də qaldırılacaq. Xarici qüvvələr vektorun dəyişdiyini iddia edirlər, amma bu, həqiqəti əks etdirmir. Reallıq budur ki, Ermənistan öz müstəqilliyini və suverenliyini qoruyur", – deyə Simonyan bildirib.
O vurğulayıb ki, Ermənistan "açıq xarici siyasət aparır" və "heç vaxt hər hansı bir ölkə ilə əlaqələri tamamilə kəsmir".

Paşinyan Rusiya ilə münasibətlər barədə nə deyib?
20 martda Ermənistanın "Graparak" qəzeti Nikol Paşinyanın hökumət strukturlarına Rusiya ilə yaxınlaşmaq üçün hazırlıq işləri aparmaq tapşırığı verdiyini yazıb.
Nəşrin məlumatına görə, bu tapşırıq KTMT çərçivəsində baş verən son geosiyasi dəyişikliklər fonunda verilib. Bildirilir ki, Paşinyan məmurlara Moskva ilə bağlı tədbirlərdə daha aktiv iştirak etməyi tapşırıb. Hətta Ermənistanın baş naziri 9 mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmaq dəvətini qəbul edib.
Bundan əvvəl Ermənistan hakimiyyəti KTMT və Rusiya ilə bağlı beynəlxalq platformalardan uzaqlaşmağa çalışırdı.
12 iyun 2024-cü ildə Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqlamışdı, lakin konkret tarix bildirməmişdi. Dekabrda isə o, İrəvanla KTMT arasındakı münasibətlərin dönüş nöqtəsini keçdiyini və geri dönüşün mümkün olmadığını bəyan etmişdi.
"Biz sadəcə heç bir sənədə veto qoymuruq, çünki KTMT-dən kənarda olduğumuzu hesab edirik – qoy nə istəyirlər, etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını daha da çətinləşdirir, hətta mümkünsüz edir. Mən düşünürəm ki, biz artıq geri dönülməz bir nöqtəni keçmişik", – deyə Paşinyan bildirmişdi.

2024-cü ilin oktyabrında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda Ermənistanın KTMT-dən çıxması ilə bağlı riskləri qiymətləndirdiklərini açıqlamışdı.
İrəvanın ziddiyyətli bəyanatları nə deməkdir?
Ermənistanın hazırkı hakimiyyəti Rusiya ilə yaxınlaşma deyil, Avropa İttifaqı ilə inteqrasiya siyasəti yürüdür. Bu fikri Ermənistan Demokratik Partiyasının lideri Aram Sarqsyan dəstəkləyib.
"Təsadüfi deyil ki, sabah Ermənistan parlamenti ölkənin Avropa İttifaqına inteqrasiyasının sürətləndirilməsi ilə bağlı qanun layihəsinə qayıdacaq. Təbii ki, İrəvan KTMT və Rusiya ilə əlaqələri bərpa etməyi planlaşdırmır. Bunun əksi ancaq Ermənistanın Aİ-yə inteqrasiyası layihəsi dondurularsa mümkün ola bilər", – deyə Sarqsyan bildirib.
Onun sözlərinə görə, hazırda İrəvan və Moskva arasındakı münasibətlər olduqca gərgin və soyuqdur:
"İki ölkə arasındakı əlaqələr ancaq müəyyən sahələrdə – məsələn, Avrasiya İqtisadi Birliyi (Aİİ) çərçivəsində iqtisadi maraqların üst-üstə düşdüyü hallarda davam edir. Mən Ermənistan rəsmilərinin, o cümlədən parlament sədrinin bəyanatlarına tənqidi yanaşıram. Rusiya-Ermənistan münasibətlərində irəliləyiş üçün heç bir əsas görmürəm".
"İrəvanın hazırkı hakimiyyəti özünü Azərbaycanın tələblərindən, xüsusilə də gələcək sülh müqaviləsi ilə bağlı şərtlərindən asılı vəziyyətə salıb", - Sarqsyan hesab edir.
Onun fikrincə, ermənilər indi qeyri-sabit vəziyyətdədirlər və buna görə də, Qərbdə himayədar axtarırlar.
"Bu qeyri-sabitlik Ermənistanın adekvat, ardıcıl siyasət qurmasına imkan vermir. Əgər Azərbaycan yeni tələblər irəli sürsə, İrəvandakı hakimiyyət açıq-aşkar axmaq vəziyyətə düşəcək", - deyə o vurğulayıb.
"Ermənistan özünü gələcəyə birmənalı şəkildə Avropa İttifaqı vasitəsilə istiqamətləndirməklə və köhnə müttəfiqləri ilə konstruktiv əlaqələri dayandırmaqla tələyə salıb", - "NEWS.ru" ilə söhbətində politoloq Aleksandr Asafov qeyd edib.
Onun sözlərinə görə, hazırda supergüclərin - Rusiya və ABŞ-nin təsiri altında beynəlxalq siyasət dəyişir və onun digər iştirakçılarına hələ hara getmək lazım olduğu aydın deyil.
"Buna görə də, biz təkcə erməni siyasətçilərindən deyil, bir sıra digər ölkələrdən də çoxlu ziddiyyətli sözlər eşidəcəyik. Avropa İttifaqı və NATO-ya yönəlmiş vektor öz effektivliyini itirir", - Asafov əlavə edib.
"İrəvan hazırda Rusiya ilə münasibətlərdə nəyisə dəyişdirmək niyyətində deyil", - "NEWS.ru" ilə söhbətində Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin aparıcı elmi işçisi Nikolay Silayev bildirib.
"Yaxınlaşma tendensiyaları da görünmür. Nədənsə, naməlum səbəbdən İrəvan Moskva ilə münasibətləri pozulmuş şəkildə davam etdirmək istəyir. Bunun niyə baş verdiyini demək mənim üçün çətindir. Rusiyanın buna səbirli reaksiya verməsi lazımdır. Bu, yeganə düzgün yoldur", - ekspert deyib.
Oxşar xəbərlər
İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ
Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını...
