Cəbrayılda daha 34 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən, mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
***07:07
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Qalereya
Oxşar xəbərlər
MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək
Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət etməyəcəyik. BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclas...