"Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik" - Qərbi Azərbaycan Xronikası

Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik - Qərbi Azərbaycan Xronikası
Video
Siyasət 8

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik" adlı veriliş Göyçə mahalının, Basarkeçər rayonu, Daşkənd kənd sakini Fəzair Piriyevin həyat hekayəsinə həsr olunub.

O, 1963-ci ildə anadan olduğunu, uşaqlıq həyatının bir tərəfi Kəlbəcər, bir tərəfi Göyçə gölü olan kənddə keçdiyini deyib: "Daşkənd çox qədim kənddir, tarixi VI-V əsrlərə gedib çıxır. Daşkənd sözü daş və kənd sözündən əmələ gəlib. O vaxt kənd çox daşlı, qayalı ərazi olub. 18-ə qədər nəsil, 300-dək ev, 2 minə yaxın əhalisi var idi. Çox qədim zağa, bulaq, yaylaq, dağ var idi. Uşaqlığımız o qayalıqlarda, zağalarda keçirdi. Evdən köhnə keçə, xalça cırığı gətirib sərir, üstündə dərsə hazırlaşırdıq. Evimizin yanında qazıntılar zamanı qıça, qol hissəsi uzun olan insan sümükləri çıxırdı. Kəndimizdə 2 alban kilsəsi var idi. 1560-cı ildən sonra babalarımız Daşkənddə məskunlaşıblar. Sentyabrda yağan qar aprel, may ayına qədər yerdə qalırdı. Yayda nənələrimiz nehrə çalxalıyanda dağlardan qar gətirib ayranı soyudurduq".

Onun sözlərinə görə, mənfur ermənilər orada yaşayan azərbaycanlılara bir neçə dəfə hücum edib, onlara 1918, 1947-1953, 1987-1991-ci illərdə deportasiya həyatı yaşadıblar. 1918-ci ildə Aşıq Nəcəfin belinə somavar bağlayıb öldürüblər. Qocalarımız danışırdılar ki, ermənilər insanları bir bacası olan evlərə yığıb tüstüyə verib öldürüb, əzab-əziyyət veriblər. 1953-cü ildə Daşkənddən 200 ailəni Bərdə rayonuna köçürüblər. Onlar boş ərazidə 6 çinar ağacının altında çadırdan dəyə qurub, Yeni Daşkənd adlı kənd salıblar. İsti havaya dözməyənlər rəhmətə gedib, bəziləri geri qayıdıb, amma 130 ailə orada qalıb. 1988-ci il deportasiyasında onlar yenidən Yeni Daşkəndə köçüblər. Babam 1953-cü ildə kənddə qalıb. Atam Yeni Daşkəndə köçəndə 1-ci sinifə gedirdim. Köçü yığıb gedəndə mən qaçdım, gizləndim, babamın yanında qaldım. 1988-ci ildə vəziyyət qarışanda babam da Yeni Daşkəndə gəldi".

F.Piriyev 37 ildən çoxdur, Vətəndən ayrı yaşadığını bildirib: "Göyçədə böyümüşəm, istər-istəməz o torpaq bizi çəkir. Mənim Bakıda anadan olan övladlarım da Vətən həsrəti çəkir. Onlar ata-baba yurdlarını görmək istəyirlər. Ürəyimiz göynəyir ki, Göyçəyə gedək, yaşadığımız evi görək. Ermənilərin içində adət-ənənələrimizi qoruyub saxlayırdıq. Əminəm ki, biz yenə qayıdacaq, adət-ənənələrimizi yaşadacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər