Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibini Azərbaycana dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş baş katibin dəvəti ilə Məkkə şəhərində İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak məqsədilə QMİ sədrinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutub.
A.Paşazadə 2026-cı ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, QMİ və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə Multikulturalizm və İslamofobiya mövzularında nüfuzlu beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu bildirib və İslam Aləmi Liqasının Baş Katibini həmin tədbirə dəvət edib.
Məhəmməd bin Əbdülkərim Əl-İsa dəvətə görə təşəkkürünü bildirərək Azərbaycana səfərdən məmnun olacağını xüsusi qeyd edib.
QMİ sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz başda olmaqla Səudiyyə Ərəbistanı Krallığının, o cümlədən, İslam Aləmi Liqasının daim Azərbaycanı birmənalı olaraq dəstəklədiklərini vurğulayaraq bu dost və qardaş mövqeyinə görə Səudiyyə tərəfinə minnətdarlığını ifadə edib.
Şeyxülislam hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, erməni vandalizminə məruz qalmış mədəni-mənəvi irsimizin dirçəldilməsi üçün dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etdirildiyini, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edildiyini və oradan Azan səslərinin ucaldığını həmsöhbətinə bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO nümayəndələri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO-nun Şimali Atlantika...