Neftçilər cəbhədəki qələbələrlə bağlı Prezidentə müraciət etdilər
Oktyabrın 5-də SOCAR-ın baş ofisində şirkət rəhbərliyinin iştirakı ilə onlayn müşavirə keçirilib.
Müşavirədə neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda həyata keçirdiyi müzəffər siyasətə, dövlət başçısının Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətində Ermənistana qarşı irəli sürdüyü şərtlərə mütləq dəstək ifadə olunub.
Qeyd edək ki, həmin şərtlərdə Ermənistanın baş nazirindən bir il bundan əvvəl bizim torpaqlarımızda “Qarabağ Ermənistandır” deməsinə görə Azərbaycan xalqından üzr istəməsi və Qarabağ Ermənistan deyil deməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi, Ermənistan silahlı qüvvələrinin hansı gündə, hansı bölgədən çıxmasını bəyan etməsi tələb olunur.
Müşavirədə qeyd olunub ki, Azərbaycan neftçiləri bütün xalqımızla bərabər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Böyük Qələbə gününün yaxınlaşması üçün əllərindən gələni edəcəklərini bildirirlər. Daha sonra SOCAR rəhbərliyi bu şanlı, çətin və məsuliyyətli günlərdə ölkəmizə, ordumuza əlavə dəstək imkanlarını müzakirə etdi. Bütün şirkət üzrə orduya yardım kampaniyasının təşkili və mexanizmi barədə fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul olundu. Yaxın günlərdə şirkət əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna ianələrinin toplanması təşkil olunacaq. Müşavirənin sonunda cəbhədəki qələbələrdən daha da ruhlanan Azərbaycan neftçilərinin bu tarixi günlərdə Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxundu. Müraciətin mətnini aşağıda təqdim edirik:
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan!
Zati-alinizin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı bir-birinin ardınca mənfur düşməndən azad etməsi, mühüm strateji yüksəkliklərdə və yaşayış məntəqələrində şanlı bayrağımızın dalğalanması bütün xalqımız kimi biz neftçilərin də qəlbini hədsiz qürur və iftixar hissi ilə doldurur. Sevincimizin həddi-hüdudu yoxdur. Suqovuşan qəsəbəsinin, Cəbrayıl şəhərinin və ətraf kəndlərin, habelə Tərtərdə, Füzulidə işğal altında olan onlarla yaşayış məntəqəsinin azad edilməsi həsrətlə gözlədiyimiz xəbərlərdir və bizi daha böyük əmək qələbələrinə ruhlandırır.
Sizin qətiyyətli və müdrik əmrləriniz, cəbhədə düşməni günbəgün geri çəkilməyə məcbur edən qəhrəman əsgərlərimizin rəşadəti bizi bir daha əmin edir ki, müzəffər ordumuzun torpaqlarımızı son qarışınadək düşməndən azad edəcəyi və üçrəngli bayrağımızın doğma Qarabağ üzərində göylərə yüksələcəyi Böyük Qələbə günü yaxındır. Bu günlər biz hamımız müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda bütün cəbhə boyunca qalibiyyətlə irəliləyən iğid oğullarımıza öz əməyimizlə, arxa cəbhədə qazanılan uğurlarla dəstək olmağa çalışırıq.
Sizin rəhbərliyiniz altında müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı bu günlərdə bir yumruq kimi birləşən xalqımızın gücü yağı düşməni işğal etdiyi müqəddəs torpaqlarımızdan təşviş içində qaçmağa məcbur edir. Azərbaycan xalqı bu tarixi zəfər yürüşündə inamla addımlayaraq, Sizin müdrik siyasətinizin, yorulmaz fəaliyyətinizin nəticəsi olan sarsılmaz birliyini və həmrəyliyini bütün dünyaya qürurla nümayiş etdirir. Şübhə yoxdur ki, məkrli düşmən və onun havadarları bu birliyin qarşısında davam gətirmə bilməyəcək. Azərbaycanın dinc əhalisini, mülki obyektlərini atəşə tutan düşmənin təxribatları xalqımızı qələbə yolundan döndərməyəcək, onun döyüş və qələbə əzmini sarsıda bilməyəcəkdir. Bizim işimiz haqq işidir, mübarizəmiz Xeyirin qələbəsi uğrundadır, biz şərə qarşı döyüşür, ədaləti bərpa edirik və bu yolun sonuna qədər alnıaçıq, üzüağ irəliləyəcəyik. Azərbaycan xalqı yenilməzdir, çünki onun sonsuz inam və qürurla arxasınca getdiyi qüdrətli Sərkərdəsi və rəşadətli Ordusu var.
Dünən Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətiniz bütün Azərbaycan vətəndaşlarının ürəyindən xəbər verdi. Sizi dinlədikcə məntiqinizə, iradənizə heyran qalır, ürəyimizdən tikan çıxırdı. Bu müraciət bütün xalqımızın, o cümlədən, Azərbaycan neftçilərinin mübarizə ruhuna inanılmaz təkan verdi. Bu gün SOCAR-ın əməkdaşları həm könüllülər sırasında ön cəbhədə, həm də arxa cəbhədə Vətən uğrunda mübarizə aparırlar. İnamla döyüşür, həm də yorulmaq nədir bilmədən iqtisadiyyatımızın qüdrətini günbəgün artırmaq naminə əzmlə çalışırlar. Bu gün əmək növbəsində olanlarımız da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, könüllülər olaraq, hər an əmrinizi intizarla gözləyirlər.
Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə - ədalətin təntənəsinə töhfəmizi verməliyik.
Qoy Uca Allah bu müqəddəs mübarizədə Sizə kömək olsun. Haqq uğrunda döyüşən övladlarımıza güc-qüvvət versin, onların zəfər yolunu daim açıq etsin. Vətənimizin üzərindən qara buludlar birdəfəlik çəkilsin, azadlıq günəşinin şəfəqləri düşmən tapdağından qurtulmuş torpaqlarımızı yenidən canlandırsın, bərəkətli etsin. Tanrı Sizi və xalqımızı qorusun!
Oxşar xəbərlər
Allahşükür Paşazadə xalqa müraciət etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib. BAKU.WS-in xəbərinə görə, müraciətdə deyilir: "Azərbaycan xalqın...