Prezident: Bu gün Azərbaycanın mövqeləri kifayət qədər güclüdür

Prezident: Bu gün  Azərbaycanın mövqeləri kifayət qədər güclüdür
Siyasət 811
Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində Azərbaycanın mövqeləri kifayət qədər güclüdür.Dövlətimizin başçısı qeyd edib: “Hörmətli şəhid ailələrinin nümayəndələri. Mən sizi bu gün görüşə dəvət etmişəm. İlk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.İlham Əliyev əlavə edib ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalmışdır: “Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür”.Prezident bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir: “Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq”.Dövlət başçısı vurğulayıb ki, müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir: “Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin.Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.İlham Əliyev deyib ki, şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi: “Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir.Artıq ödəmə prosesi başlamışdır. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım”.Azərbaycan Prezidenti əlavə edib ki, Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı: “Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur. Təbii ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrası üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik.Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəkdir. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin.Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik. Bu gün sizi buraya, Prezident Sarayına dəvət edərək istədim ki, bu sözlərimi, bu fikirlərimi sizə özüm çatdırım. İstədim ki, bir daha sizinlə görüşüm, bir daha sizə öz təşəkkürümü, dərin hörmət və ehtiramımı bildirim. Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, siz bundan sonra həyatda heç vaxt belə dəhşətli faciələrlə üz-üzə qalmayasınız”.BAKU.WS

Son xəbərlər