Mehriban Əliyeva göz yaşlarını saxlaya bilmədi - VİDEO
Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. BAKU.WS-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşündə deyib.
Mehriban Əliyeva qeyd edib: "Hörmətli xanımlar, əziz analar, əziz bacılar cəbhə xəttində vətən uğrunda həlak olmuş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xahiş edirəm, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək. Analara, valideynlərə, qohumlara Allah səbir versin. Yaralanmış, xəsarət almış əsgərlərimizə Allah şəfa versin. Bu gün bizim qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu, eyni zamanda, kədər hissi yaşayır.
Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin".
Heydər Əliyev Fondunun prezidenti bildirib ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir: "Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir.
Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Mən əminəm ki, ədalət bərpa olunacaq".
Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq: "Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan da birgə şərəflə çıxacağıq. Allah hər zaman Azərbaycanı qorusun!"
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək
Bu gün millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva şəhid anaları və ailə üzvləri ilə görüşəcək. BAKU.WS Musavat.com-a istinadən xəbər verir...