Qarakənd faciəsindən 35 il ötür

Qarakənd faciəsindən 35 il ötür
Siyasət 2

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biri olan Qarakənd faciəsindən 35 il ötür.

BAKU.WS xəbər verir ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, jurnalistlərin, eləcə də Rusiya və Qazaxıstandan olan müşahidəçilərin olduğu "Mi-8" hərbi helikopteri vurularaq qəzaya uğrayıb.

Faciə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri və tanınmış jurnalistlər də olub.

Həlak olanlar arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, eləcə də tanınmış telejurnalist Alı Mustafayev var idi.

Həmin gün həyatını itirənlər arasında jurnalist Fəxrəddin Şahbazov, AzTV-nin əməkdaşı Arif Hüseynzadə və dövlət katibinin köməkçisi Rafiq Məmmədov da olub.

Faciə zamanı həlak olan digər şəxslər isə İqor Plavski, Vladimir Kovalyov, Sergey İvanov, Nikolay Jinkin, Sanlal Serikov, Mixail Lukaşov, Oleq Koçerev, Vyaçeslav Kotov, Gennadi Domov və Dmitri Yarovenkodur.

Qarakənd faciəsi Azərbaycan tarixində ağır itkilərlə yadda qalan hadisələrdən biri kimi xatırlanır. Bir helikopterdə dövlət xadimlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və jurnalistlərin həyatını itirməsi ölkənin ictimai-siyasi həyatına ciddi zərbə vurub.

Qeyd edək ki, faciənin başvermə şəraiti ilə bağlı tarixi mənbələrdə helikopterin atəşə tutulduğu göstərilir. Hadisə Azərbaycanın müstəqilliyinin ilk illərində Qarabağda yaşanan gərginliyin və silahlı münaqişənin ağır nəticələrindən biri olub.

Qarakənd faciəsi qurbanlarının xatirəsi hər il noyabrın 20-də ehtiramla yad edilir.

Son xəbərlər