MN: İkitərəfli "Tərlan - 2025" PUA təlimi uğurla yekunlaşıb

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində "Tərlan - 2025" birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.
Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir. BAKU.WS "Report"a istinad...