İlham Əliyevin icra başçılarının işdən çıxarmasının səbəbi bilindi
Martın 3-də Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.
Mövcud kadr dəyişikliyinin əsas səbəbini AZƏRTAC və APA-ya şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoymuş və qeyd etmişdir ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.
Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərmişdir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmamışlar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad edilmişlər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməmiş, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökarlıqdan uzaq hərəkətlərə yol vermişlər. Z.Nağdəliyev vurğulamışdır ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdirmişlər və nəticədə rayonun problemlərindən uzaq düşmüş, sakinlərin haqlı tələblərinə məhəl qoymamış, əhali arasında nüfuzdan düşmüşlər.
Z.Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməmişlər, daha dəqiq desək, etibarını itirmişlər.
Qeyd edək ki, Prezident İlham Əliyev "Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulamışdır ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət başçısı iki icra başçısını vəzifəsindən azad etdi
Azərbaycan prezidenti İlham Əliyev iki sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə Cəbrayıl rayon...