İran diplomatiyasının "incə siyasət"i və ya səfir prezidentini tanımır - "Kaspi"nin TƏHLİLİ

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin davranışı belə qənaətə gəlməyə əsas verir ki, onun Tehrandan təlimat aldığı mənbə bir deyil. Ehtimal ki, İranın diplomatik nümayəndələri XİN-lə yanaşı, digər instansiyalara da tabedirlər.
İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin açıqlamaları ilə tanış olduqda belə bir təəssürat yaranır ki, sanki o, ya Tehrandan təlimatlar almır, ya da bu təlimatları qulaqardına vurur. Ola bilsin, onun İran XİN-dən fərqli göstəriş mənbələri də var. Sobhani Ermənistanın mövqeyini elə müdafiə edir ki, elə bil əməkhaqqısını öz xarici siyasət idarəsindən deyil, Ararat Mirzoyanın rəhbərlik etdiyi qurumdan alır.
Artıq bir neçə ildir ki, ölkəsini Ermənistanda təmsil edən Sobhaninin "diplomatik valı" dəyişilməz olaraq qalır: ya göydə İsrail PUA-larının axtarışındadır, ya da yerdə "sionistlərin hərbi bazası" ilə "qırmızı cizgilər"in. Nədir Sobhanini ermənidən çox erməni edən?
BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
İmza atıblar, ancaq tanımırlar
İran səfirini bu dəfə gülünc vəziyyətə salan və narahat edən səbəb Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yekun sənədidir. Sobhani iddia edir ki, İran dövlətinin prezident səviyyəsində təmsil olunduğu tədbirdə qəbul edilən Xankəndi Kommünikesi rəsmi Tehranın mövqeyini tam əks etdirmir və guya nümayəndə heyətləri sənəddə narazı olduqları məqamlara qeyd-şərt qoyublar. Söhbət Xankəndi Kommünikesində 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədən və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edilməsi, habelə Ermənistan tərəfindən sözügedən icmanın hüquqlarının inkar olunmasının qınanılmasının əks olunmasından gedir. Sobhaniyə görə, İran tərəfi Xankəndi Kommnüikesinin məhz bu hissəsinə qeyd-şərt qoyub.

Sobhaninin bu iddiası göstərir ki, o, köhnəlmiş tezislərlə işləməklə yanaşı, həm də dövlətinin təmsil olunduğu beynəlxalq təşkilatlarda mövcud olan prosedurlardan da xəbərsizdir. Əgər İranın Ermənistandakı səfiri Sobhani olmasaydı, bəlkə də ümid etmək olardı ki, Azərbaycan XİN-in onun bəyanatını alt-üst edən açıqlaması dəqiqliklə öyrənilər və müvafiq nəticə çıxarılar. Ancaq təəssüf ki, o, neçə illərdir usanmadan PUA, baza və cizgilər axtarışı məşğuliyyətinə bir də Xankəndi sammitinin yekun kommünikesindəki "qeyd-şərtlər"i də əlavə edib. Rəsmi Bakının isə bəyanatı anlaşıqlı və sadədir: "Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib. Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik təcrübədə qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər".
İran səfirini danışdıran kimdir?
Sobhaninin bu iddiası onun dövlətinin rəsmi orqanlarının mövqeyi ilə daban-dabana zidd olan ilk bəyanatı deyil. Dəfələrlə olub ki, o, hər hansı məsələ ilə bağlı bir mövqedən çıxış edib, rəsmi Tehran isə diplomatını təkzib edib. Çox güman ki, İran XİN-də işlər belə də qurulub, necə deyərlər, Şərq incə məsələdir. Ancaq ip də incəliyindən qırılır deyə, bunun da bir sonu və əndazəsi olmalıdır. Məsələ Sobhaninin təxəyyülünün ifraz etdiyi fikirləri səsləndirib problemə öz aləmində nöqtə qoymasından getmir. Bunun axı bir izahatı da olmalıdır. Necə olur ki, İran Prezidentinin iştirak etdiyi tədbirin kommünikesi o boyda nümayəndə heyətinin "diqqətindən kənar" qalır, bir tək Sobhani isə tam fərqli mövqedədir?

Şübhə yoxdur ki, Ermənistanda səfir olan bir şəxsin ən əsas missiyası təmsil etdiyi dövlətin maraqlarını ifadə etməkdir. İranın isə Ermənistandakı maraqları yalnız Azərbaycanın ünvanına böhtanlar yağdırmaqdan və "növbətçi mövzu" olan Zəngəzur dəhlizi ilə bağlı hədə-qorxu gəlməkdən ibarət deyil. Sobhani bəyanatları verərkən bir amili nəzərə almalıdır ki, o, İrəvanın deyil, Tehranın adından danışır.
Amma belə görünür ki, səfirin Tehrandan təlimat aldığı mənbə bir deyil, bir neçədir. Ehtimal ki, İranın diplomatik nümayəndələri XİN-lə yanaşı, digər instansiyalara da tabedirlər. Səfirin ölkəsinin prezidentinin bəyanatları ilə köklü şəkildə zidd ifadələr işlətməsi bu qənaətə gəlməyə əsas verir. Ancaq bu da bir reallıqdır ki, İran diplomatiyasında işlərin necə qurulduğu Azərbaycanın problemi deyil.
Sobhaninin qorxulu yuxuları
Sobhani bunu da nəzərə almalıdır ki, yuxularının qorxulu mövzuları olan bir sıra məsələlərlə bağlı reallıq onun təsəvvür etdiyi kimi deyil. Ən azı Nikol Paşinyanın Türkiyəyə səfəri və Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra. Sobhani dahi Servantesin qəhrəmanı olan Don Kixot kimi böyük dəyirmanlara əks gedir və elə bilir ki, bütün dünyanın iqtisadi-ticari ehtiyaclarından doğan və reallaşmasında maraqlı olduğu qlobal nəqliyyat-logistika prosesinə təkbaşına sinə gərəcək.
Onun yerinə gələn də çox fərqli olmayacaq
Qərbin "Middle East Eye" və "Carnegie" kimi beyin mərkəzləri artıq Zəngəzur dəhlizi ilə bağlı bütün tərəflərin ortaq məxrəcə gəlmələri barədə informasiya paylaşırlar. Düzdür, bu mənbələr rəsmi orqanları təmsil etmirlər, ancaq çox vaxt elə olur ki, onların yaydıqları məlumat gerçək baş verənlərin anonsu olur. Son informasiyaya görə, transmilli nəqliyyat infrastrukturunun bir parçası olacaq bu dəhlizin reallaşması bütün tərəflərlə, o cümlədən, İranla da razılaşdırılıb. Hətta deyilənə görə, İrana Ermənistan ərazisi ilə şimal istiqamətində çəkilə biləcək dəmir yolu xətti formasında nəfəslik təklif edilib. İstəyir Zəngəzur yolunun altından tunellə, istəyir üstündən körpü ilə keçirsinlər, yetər ki, Sobhani kimilər dəhlizin İranın şimala doğru yolunu kəsmədiyini anlasınlar.
Sobhani bu vəzifədə daimi deyil, nə vaxtsa çıxıb gedəcək. Düzdür, onun yerinə gələn də çox fərqli olmayacaq, Şərqin "incə siyasət"i belə diktə edir. Ancaq bunun da bir sonu var.
Oxşar xəbərlər
Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Fəxri xiyabanı ziyarət edib. BAKU.WS xəbər veri...