Himnimizin dəyişdirilməsi təklifinə ziyalılarımızdan SƏRT REAKSİYA
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycanın dövlət himninin həcminin azaldılması ilə bağlı təklifi böyük etirazlara səbəb olub.
BAKU.WS xəbər verir ki, bununla bağlı deputat sosial şəbəkələrdə sərt tənqid olunub. Bəs Azərbaycanın tanınmış ziyalıları nə düşünür?
Məsələ ilə bağlı Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə danışmağa belə dəyməz.
“Düşünürəm ki, himnimiz yalnız Üzeyir Hacıbəyovun musiqisindən olmalıdır. Onun musiqisini dəyişmək olmaz. Hamı bu musiqini öyrənib. Bütün dünya bunu bilir və sevir.
Hər halda bu bizim səviyyədə qərar verilmir. Lakin qərar verilsə, Üzeyir Hacıbəyovun başqa türk marşları da var. Uyğun görülsə onun başqa marşları da var. Amma bu musiqini dəyişmək olmaz”, - deyə Firəngiz Əlizadə vurğulayıb.
Millət vəkili Fazil Mustafa BAKU.WS-ə açıqlamasında qeyd edib ki, məsələyə birtərəfli yanaşmaq olmaz.
“Mən artıq süni pafosa, saxta ritorikaya tavanın dibində təzəcə yanıb-qurumuş yemək kimi baxıram. Hələ mətbəxi bürümüş bu yanıq iyinin iybilmə orqanlarımızla dözülməz uduşunu xatırlatmaq belə istəmirəm.
Azərbaycan himni bizim dəyərimizdir, Konstitusiya ilə möhürü vurulmuş hüquqi atributdur və onu mətnini və musiqisini kimsə əvəzləmək istəmir, belə bir təşəbbüs də yoxdur və hətta belə bir təşəbbüslə çıxış etmək də anormallıq sayılmalıdır.
Ancaq Azərbaycan himni mətn və musiqi olaraq həm də bir sənət əsəridiri, insan əməyinin, inellektinin məhsuludur, zövqlərə görə fərqli dəyərləndirilməsi, müzakirəsi aparıla bilər və bunu top-tüfənglə, vətənpərvərlik fışqırığı ilə qarşılamaq sadəcə səviyyəsiz hərəkətdir. Son günlər tez-tez rastıma çıxır həmin süni pafoslu, saxta ritorikalı cümlələr:
"Himnimizə toxunmaq olmaz!", "Himnimizin bir hərfini belə dəyişmək olmaz!" və s. Əlbəttə, dövlət atributlarına qarşı duyarlılıq xoş bir hərəkətdir, buna ancaq sevinmək olar. Ancaq bunu süni pafossuz, saxta ritorikasız etmək olmazmı? Baxın, 1918-ci ilin oktyabrında bayrağımız başqa idi, ingilis işğal qüvvələri təkid etdi, dəyişməyə məcbur olduq.
Gerbimizdə alovun rəmzinin yerinə "Allah" sözü yazıldı. İndiki himnimizə bəzi sözləri müasir dilimizin qaydalarına uyğunlaşdırılaraq dəyişdirilib, Üzeyir bəyin musuqisinə də əl vurulub, iki bəstəkar tərəfindən aranjeman edilib. İndi bütün bütün bu dəyişikliklərə görə himnsevərlərdən etiraz əlaməti olaraq başını yaran, özünü yandıran, kimsə varmı?
Aşağıdakı formada deyilməsi üslub baxımından daha səmimi görünməzdimi: "Himnimizin mətninin və musiqisinin mahiyyətinə toxunmaq məqsədəuyğun deyil."
Artıq dövr dəyişib, "başımı yararam", "özümü yandıraram", "başıma güllə vuraram" üslubundan uzaqlaşaraq insan ağlı ilə düzüb-qoşulan, icad edilən hər bir predmetin, eləcə də bu predmeti icad edən şəxslərin müzakirə oluna bilməsindən qətiyyən çəkinmək lazım deyil”, - deyə Fazil Mustafa vurğulayıb.
Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, Azərbaycanın dövlət himnini dəyişmək olmaz.
“Üzeyir bəy dahi şəxsiyyətdir. Onun hər bir əsərinin başlanğıcının başlanğıcı, orta hissəsi və sonu olur. Musiqi baxımından onun heç bir hissəsini nə əskiltmək olar, nə də artırmaq.
Uzeyir bəy kimi dahi şəxsiyyət bilirdi nə edir. Tahir Kərimli və onun kimi bəzi deputatlar daha mühüm məsələlərlə məşğul olsalar yaxşıdır”.
Şair Vahid Əziz də BAKU.WS-ə açıqlamasında Azərbaycanın dövlət himninin gözəl əsər olduğunu bildirdi:
“Ulu öndərimiz, rəhmətlik Heydər Əliyev bu əsəri çox sevirdi. Onun kimi dahi insan bu himnin sözlərini çox sevirdisə, biz bu barədə nə deyə bilərik? O, öz möhrünü vurub. İndi Tahir Kərimli danışır da”.
Xalq artisti Rasim Balayev isə BAKU.WS-ə açıqlamasında məsələyə daha sərt reaksiya göstərib:
“Allah rəhmət eləsin böyük dahimiz Üzeyir Hacıbəyova, öz möhrünü vurub himnə. Nə olmalıydı? Rəqs musiqisi olmalıydı.
Tahir kimilər haranın musuqiçisi olublar ki, gəlib Üzeyir hacıbəyovun əsərinə redaktə edirlər? Görəsən bunların başqa işlə məşğul olmağa beyinləri çatmır? Xalqa lazımlı başqa problemlər qaldıra bilmirlər?
Bizim himnimiz çox gözəl yazılıb. Buna toxunmaq olmaz. Bu çox gözəl yazılıb. Ağır ruhda yazılıb. Bəlkə tərəkəmə üstündə yazılaydı? Oynaq olsun, hamımız oynayaq?
Bir az abrınız-həyanız olsun da. Gözəl bir əsərdir. Bu əsəri anlamaq lazımdır. Tamam yersiz fikirlər sayıram”.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Himnlə bağlı daha bir iddia: "Himnin müəllifi Əhməd Cavad deyil"
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycanın dövlət himninin həcminin azaldılması ilə bağlı təklifinə verilən reaksiyalara müna...