Hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəlik - Özünüzü bu yollarla xilas edin
Dünyanın hər 5-ci sakini tez, ya gec xərçəng xəstəliyinə tutulur. Hər 8-ci kişi və hər 11-ci qadın bu xəstəlikdən həyatını itirir. Xərçənglə əlaqəli ölümlərin 70 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdim edilib.
“Əslində xərçəng artıq hər bir ailənin problemidir. Xərçəng dünyadakı çoxsaylı ölümlərin ikinci əsas səbəbidir”, - deyə ÜST-ün nümayəndəsi Andre İlbavi söyləyib. ÜST-ün məlumatlarına görə, bu sırada birinci yerdə ürək-damar xəstəlikləri gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin bildirdiyinə görə, 2020-ci ildə 19,3 milyon insan xərçəng xəstəliyinə tutulub. Bu xəstəlik nəticəsində 10 milyon insan həyatını itirib.
Xəstəliyin ən geniş yayılan növü döş xərçəngidir. Həmçinin ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi və prostat xərçəngi də geniş yayılıb. Həmçinin bildirilir ki, onkoloji xəstəliklər uşaq və yeniyetmələr arasında ölüm hallarının əsas səbəbinə çevrilib. Hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur.
Mütəxəssislər erkən diaqnozun xərçəng xəstəliyinin müalicəsində əsas rol oynadığını vurğulayırlar. Keyfiyyətli erkən diaqnozun qoyulmaması və müalicənin vaxtında aparılmaması səbəbindən aşağı və orta gəlirli ölkələrdə xərçəng xəstəliyindən ölüm hallarının sayı zəngin ölkələrə nisbətən daha yüksəkdir.
Mütəxəssislər vəziyyətin COVID-19 pandemiyası fonunda daha da gərginləşdiyini söyləyirlər.
ÜST-ün məlumatlarına görə, 2020-ci ildə ölkələrin 40 faizində xərçəng xəstəliyinə tutulanların müalicəsində pandemiya səbəbindən ciddi problemlər yaranıb.
Xərçəng xəstəliyinə tutulanların sayı, eləcə də onkoloji xəstəliklər səbəbindən ölüm hallarının sayı artmaqda davam edir. Mütəxəssislərin bununla bağlı proqnozları məyusedicidir. Onlar bu tendensiyanın yaxın onilliklərdə də davam edəcəyini bildirirlər.
Xərçəngdən qorunmaq üçün nə etmək lazımdır? ÜST ekspertləri xərçəngin əsas səbəblərini unutmamağı və həyat tərzinizə müvafiq olaraq aşağıdakı düzəlişlər etməyi təklif edirlər:
siqaret çəkməmək;
alkoqollu içkilərin istifadəsini məhdudlaşdırmaq;
özünü formada saxlamaq - idmanla müntəzəm məşğul olmaq, yaxşı qidalanmaq, xüsusilə daha çox tərəvəz və meyvə yemək;
sağlamlığı qorumaq, xərçəngə səbəb ola biləcək hepatit B və papilloma virusu əleyhinə peyvənd etmək;
açıq günəş altında çox durmamaq.
Oxşar xəbərlər
ÜST: Daha çox insan ürək xəstəliklərindən ölür
Ürək xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır. Üstəlik getdikcə ölən insanların sayı artır. 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 20...