Gələn il Azərbaycanda daha bir seçki keçiriləcək - ŞOK İDDİA
23
fev
2018
10:06
Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkiləri də irəli çəkilə bilər.BAKU.WS xəbər verir ki, mötəbər mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, Milli Məclis üzvlərinin yeni seçimi 2019-cu ildə baş tutacaq. Növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur. Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi bildirilir.Azərbaycan müxalifəti üçün parlament seçkilərinin irəli çəkiləcəyi gözlənilən variantdır. ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib: “Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir. Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir”.Partiya sədrinin fikrincə, yeni parlament seçkiləri növbədənkənar prezident seçkiləri ilə eyni vaxtda keçirilsə, daha yaxşı olardı: “2019-cu ilədək gözləməyə ehtiyac yoxdur, yeni parlamen seçkiləri ən qısa müddətdə keçirilməliydi. Daha yaxşı olardı ki, prezident seçkiləri ilə eyni vaxtda salınsın. Amma salınmadı, heç olmasa prezident seçkilərindən dərhal sonraya təyin olunmalıdır”.Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, növbədənkənar parlament seçkiləri gələn ilə saxlanmamalıdır: “Düşünürəm ki, bələdiyyə seçkilərinə qədər gözlənməyəcək, elə bu ilin payızında yeni parlament seçkiləri keçiriləcək. Əslində Milli Məclisin indiki tərkibi tamamilə yenilənməlidir. Milli Məcliz üzvlərinin mütləq əksəriyyəti seçilmiş deyil, təyin olunmuş, xalqdan uzaq adamlardır. Son vaxtlar deputatın ailə üzvlərinin pensiya təminatı deyilən bir məsələnin ortaya atılması bir daha göstərir ki, onlar xalqın deyil, hakimiyyətin mövqeyindən çıxış edirlər. Ona görə ki, böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir”.Ə.Əliyev deyir ki, Milli Məclis Azərbaycan siyasi palitrasını qismən də olsa əks etdirməlidir: “Amma bu gün Azərbaycan parlamentində xalqın güzəranı ilə ayaqlaşan bir deputat yoxdur. Sanki Azərbaycan parlamenti virtual aləmdə yaşayır: orada baş verənlər Azərbaycan cəmiyyətində baş verənləri qismən də olsa əks etdirmir”.Partiya sədrinin sözlərinə görə, bir qisim partiyalar prezident seçkilərində prosesdən kənarlaşmağa üstünlük veriblər: “Mən bunu hazırlığın olmaması ilə əlaqələndirirəm. Düzdür, rəsmi versiyalar fərqlidir, amma resurslar, insanların əhval-ruhiyyəsi, hakimiyyətin yürütdüyü siyasət, qanunvericilik - bunların hamısının çulğalaşması bu gün Azərbaycan müxalifətinin psixoloji durumuna təsir göstərir. Hesab edirəm ki, bir qisim müxalifətçilərin prezident seçkilərinə qatılmamaq qərarı bu hazırlıqsızlıqdan irəli gəlir. Amma düşünürəm ki, parlament seçkiləri daha maraqlı, çoxcəhətli seçkilərdir. Müxalifət toparlanaraq orada iştirakı özünə borc hesab etməlidir”.Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə hesab edir ki, parlament seçkilərinin irəli çəkilməsi üçün zərurət yaradacaq əsas yoxdur: “Düzdür, belə bir qərarın olacağını istisna etmirəm. Ola bilər, çoxluğun iradəsi ilə belə qərar qəbul olunsun. Amma hesab edirəm ki, bu, zəruri addım olmayacaq. Bir məsələ vardı - 2025-ci ildə prezident seçkiləri ilə eyni vaxta düşəcəkdi, o da həll olundu. Bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilməsi isə hüquqların məhdudlaşması baxımından mümkün deyil. Ən azı bunun üçün qanunverici əsas formalaşdırılmalıdır. Çünki həm parlament, həm də bələdiyyə seçkilərində iştirak etmək istəyən bir şəxs bu hüququn birindən istifadə edə bilməyəcək”.F.Mustafanın sözlərinə görə, ötən konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konspetual yenilik gətirməyib: “Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb: ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.BAKU.WS
Oxşar xəbərlər
Prezidentliyə daha bir namizədin adı məlum oldu
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçki...