"Euronews": Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir

Euronews: Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir
Siyasət 12

Azərbaycan 2025-ci ilin martında tamhüquqlu üzv kimi təşkilata qoşulduqdan sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən D-8 Həftəsinin bir hissəsi olaraq ilk dəfə baş tutan D-8 Media Forumu haqqında "Euronews"da dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, qlobal iqtisadi müzakirələrdə, əsasən, əhalisinin çoxu müsəlmanlardan ibarət inkişaf etməkdə olan ölkələr üçün koordinasiya edilmiş platforma rolunu oynayan təşkilata yeni üzv olan Azərbaycan blokla tam şəkildə inteqrasiya üçün bir sıra təşəbbüslər irəli sürür.

Məqalədə forumun yekunu olaraq Media Mükəmməllik Mərkəzinin yaradılması və dezinformasiya ilə mübarizə üçün yeni strategiyaların hazırlanması kimi mühüm nəticələrin əldə edildiyinə diqqət çəkilib, Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin səsləndirildiyi xüsusi vurğulanıb. "D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır", - dövlət başçısının fikirlərindən sitat gətirilib.

D-8-in Baş katibi İsiaka Abdulqadir İmamın sözügedən forumun Azərbaycanın mart ayında təşkilata qoşulmasından sonra ev sahibliyi etdiyi ilk böyük tədbirlərdən biri olduğuna dair sözləri xatırladılıb. Onun Media Mükəmməllik Mərkəzinin üzv dövlətlərin qlobal informasiya məkanında birgə səsini gücləndirməyə kömək edəcəyi yönündəki fikirləri və D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təklifi xüsusilə qeyd olunub.

"D-8 ölkələri birlikdə bir milyarddan çox insanı və sürətlə inkişaf edən bir sıra iqtisadiyyatları təmsil edir. Azərbaycanın üzvlüyü təşkilatın təxminən otuz il əvvəl yaradılmasından bəri ilk genişlənməni ifadə edir", - "Euronews" vurğulayıb.

Son xəbərlər