Deputat: Azərbaycan artıq sübut edib ki, etibarlı tərəfdaş, tranzit qovşağı və sabitlik faktoru ola bilər
Bu gün geoiqtisadiyyat, texnologiyalar və təhlükəsizlikdən danışarkən nəzəriyyədən kənara çıxmaq, real proseslərə və praktik nəticələrə diqqət yetirmək vacibdir. Geoiqtisadiyyat artıq akademik anlayış deyil. Bu, regionların dayanıqlığını gücləndirən və ya əksinə, onları risk zonalarına çevirən konkret marşrutlar, konkret investisiyalar və konkret qərarlardır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avstriyanın Vyana şəhərində Qış sessiyası çərçivəsində ATƏT Parlament Assambleyasında "Geoiqtisadiyyat, texnologiyalar və təhlükəsizlik: dəyişən kontekstə uyğunlaşma" mövzusunda keçirilən xüsusi müzakirələrdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan üçün bu, gündəlik praktikadır. Əsas Avrasiya dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz qarşıdurma deyil, əlaqələndirmə yolunu seçir. Orta Dəhlizin inkişafı artıq Asiya ilə Avropa arasında ticarət axınlarını yenidən formalaşdırır, həssas marşrutlardan asılılığı azaldır və qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirir. Bu gün Azərbaycan Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa bazarlarını birləşdirən multimodal körpü rolunu oynayır.
"Bu kontekstdə TRIPP layihəsinin strateji əhəmiyyətini xüsusi vurğulamaq istərdim. TRIPP sadəcə növbəti nəqliyyat dəhlizi deyil. Bu, tranzit marşrutlarının həddindən artıq cəmləşməsi və məhdud əlaqələndirmə imkanlarının yaratdığı risklərə praktik cavabdır. Mərkəzi Asiya və Xəzər regionunu Azərbaycan üzərindən Türkiyə və Avropa ilə birləşdirən TRIPP qlobal bazarlara çıxışı şaxələndirir və ticarət axınlarındakı struktur həssaslıqları azaldır.
TRIPP-in əsas fərqi onun inteqrasiya olunmuş yanaşmasıdır: dəmir yolu, avtomobil yolları, enerji və rəqəmsal infrastruktur harmonizə edilmiş gömrük prosedurları və rəqəmsal sərhəd idarəçiliyi ilə uzlaşdırılır. Bu qarşılıqlı uyğunluq çatdırılma müddətlərini qısaldır, şəffaflığı artırır və iştirakçı ölkələrin iqtisadi dayanıqlığını gücləndirir. Praktik baxımdan TRIPP Orta Dəhlizi gücləndirərək ona Cənub bağlantı qatı əlavə edir, dənizə çıxışı olmayan ölkələr üçün Avropaya bir neçə alternativ giriş imkanı yaradır. Həmçinin Avropa bazarlarını daha etibarlı təchizat variantları ilə təmin edir. Strateji baxımdan isə regionu parçalanmış marşrutlardan daha balanslı və inklüziv əlaqələndirmə arxitekturasına doğru istiqamətləndirir.
Bunlar öz-özlüyündə məqsədi olan infrastruktur layihələri deyil. Bunlar təhlükəsizlik sisteminin elementləridir. Biz nəqliyyat, enerji və rəqəmsal həlləri sabitləşdirici alətlər kimi qiymətləndiririk. Qarşılıqlı asılılıq nə qədər güclü olarsa, eskalasiya üçün bir o qədər az imkan qalır." - deyə deputat qeyd edib.
S.Fətəliyeva vurğulayıb ki, məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasına yanaşmaq lazımdır. Bu, simvolik jest deyil. Bu, Cənubi Qafqazın fundamental transformasiyasıdır, təcrid olunmuş iqtisadiyyatlardan ortaq ticarət və tranzit məkanına keçiddir. Bu, uzunmüddətli sülhə birbaşa investisiyadır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, logistikanı modernləşdirir və rəqəmsal infrastrukturu inkişaf etdirir. Biz həmçinin anlayırıq ki, texnologiyalar, o cümlədən süni intellekt və kritik sistemlər təkcə innovasiya deyil, həm də məsuliyyət tələb edir. Bu gün iqtisadi dayanıqlıq infrastrukturun qorunması və şəffaf əməkdaşlıq qaydaları təmin edilmədən mümkün deyil. Bizim yanaşmamız sadədir, təhlükəsizlik bloklar və təzyiq vasitəsilə deyil, tərəfdaşlıqların şaxələndirilməsi, suverenliyə hörmət və praktik əməkdaşlıq yolu ilə qurulur. Azərbaycan artıq sübut edib ki, etibarlı tərəfdaş, tranzit qovşağı və sabitlik faktoru ola bilər. Biz qeyri-sabitlik ixrac etmirik, biz bağlantılar yaradırıq.
O sonda vurğulayıb ki, dəyişən dünya bəyanatlar deyil, qərarlar tələb edir. Geoiqtisadiyyat inkişafa xidmət etməli, texnologiya dayanıqlığı gücləndirməli, təhlükəsizlik isə real sülhü təmin etməlidir. Bu gün Azərbaycanın həyata keçirdiyi yanaşma məhz budur.
Oxşar xəbərlər
Leyla Əliyeva Albaniyaya səfərlə bağlı video bölüşüb
Leyla Əliyeva Albaniyaya səfərlə bağlı video bölüşüb. BAKU.WS videonu təqdim edir: