Bastrıkinin Rusiya və Putinə xəyanəti: "O, ölkənin beynəlxalq imicinə zərbə vurur"
"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Düşənbədə Vladimir Putinin AZAL təyyarəsi ilə bağlı açıqlamalarından sonra sözügedən addımı atması dövlətinə və prezidentinə qarşı açıq hörmətsizlikdir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov 2024-cü il dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı mətbuatda yayılan sənədi şərh edərkən deyib.
O bildirib ki, Düşənbədə Azərbaycan və Rusiya liderlərinin görüşü zamanı Putinin verdiyi bəyanatlar xalqımızda müəyyən gözləntilər formalaşdırmışdı:
"Putin təyyarə faciəsindən sonra Azərbaycan Prezidentinə zəng edərək üzr istəmiş, Düşənbədə isə istintaqın ədalətli aparılacağını bəyan etmişdi. Bundan sonra ümidlər yaranmışdı ki, hadisədə iştirak edən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Lakin Putinin açıqlamalarından sonra İstintaq Komitəsi, eləcə də digər müvafiq orqanlar tamamilə fərqli addımlar atdılar. Bastrıkin sözügedən qurumun rəhbəri kimi dövlətə və Putinə açıq hörmətsizlik etdi.
Cinayət işinə xitam verilməsi isə ümumiyyətlə əsassızdır. Azərbaycan və Rusiyanın Cinayət, eləcə də Cinayət-Prosessual Məcəllələri, demək olar ki, eynidir. Buradan da belə nəticə çıxarmaq olar ki, cinayət işinə xitam verilməsi düzgün deyil. Zədələnmiş təyyarəmizin Xəzər dənizi istiqamətinə yönləndirilməsi də onu göstərir ki, burada başqa məqsəd olub. Bastrıkinin addımlarından belə qənaətə gəlmək olar ki, o, Rusiya prezidentinə xəyanət edir. Həmçinin həmin məktubun göndərilməsi Rusiya dövləti əleyhinə atılmış addımdır və bu, ölkənin beynəlxalq imicinə də ciddi zərbə vurur. Biz Rusiya prezidentindən və dövlətindən bu məsələdə lazımi addımların atılmasını gözləyirik".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olublar. Göyərtədə olanlardan 38 nəfər həyatını itirib. Ötən il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.
Qeyd edək ki, internetdə Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd dolaşmaqdadır. Sənəddə qeyd olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verildiyi qeyd olunur. Təbii ki, bu cür ifadələr baş vermiş faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Çünki qəzadan az sonra yayılan məlumatlarda AZAL təyyarəsinin "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qaldığı bildirilirdi. 2025-ci ilin son günlərində Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı istintaq məlumatlarına görə də "hava gəmisinə dəymiş zədələrin döyüş başlığının zərərverici elementləri tərəfindən yaradıldığı ehtimal edilir".
Oxşar xəbərlər
Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan narkotik qaçaqmalçılığına qarşı mübarizəni xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biri adlandırıb və Milli Təhlük...