Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü başa çatıb

Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü başa çatıb
Foto
Siyasət 131

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti çərçivəsində "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclas keçirilib.

BAKU.WS xəbər verir ki, iclas "Bizim planetimiz" adlı videoçarxın nümayişi ilə başlayıb.

Plenar iclasda "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır" mövzuları üzrə çıxışlar səsləndirilib, müzakirələr aparılıb.

Bununla da Sammitin ilk günü işini yekunlaşdırıb

***12:38

Bu gün Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub.

BAKU.WS xəbər verir ki, tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır.

xəbər verir ki, Sammit Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Ardınca müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Sammit iştirakçılarını salamlayaraq bütün qonaqlara minnətdarlığını bildirib, COP29 ərəfəsində Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsinin əhəmiyyətindən söhbət açıb, Sammitin məqsədlərindən bəhs edib: "Uca Yaradana xoş gedən insan həmrəyliyi məramına xidmət edən qlobal ideyaları ilə dünyada tanınan dövlət rəhbərimiz Prezident İlham Əliyev cənablarının bugünkü tədbirimizin ərsəyə gəlməsində böyük rolu danılmazdır. Dünya Dini Liderlərinin Sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda Böyük Zəfərdən sonra ilk dəfə keçirilən bugünkü Sammit dünyanı narahat edən iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi məramına xidmət edir".

Sammitdə iştirak edən Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətini diqqətə çatdırıb.

Daha sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüracəti olub. O, dini liderlərin fəaliyyətinin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacib olduğunu bildirib.

Sammitdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə "COP29 - İqlim və Sülh" Təşəbbüsünü irəli sürüb: "Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü, iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir. Bu yanaşma, xüsusilə həssas icmaların su təhlükəsizliyini təmin etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək olmaqla, iqlim dəyişikliyinə adaptasiya sahəsindəki digər təşəbbüslərlə sıx əlaqəlidir".

Açılış mərasimində Türkiyə, Özbəkistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Misir və digər ölkələrin dini rəsmiləri çıxış edərək iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə dini çağırışların əhəmiyyətindən bəhs ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesajın gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacağını bildirib: "Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var.

Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək".

Açılış mərasiminin sonunda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb: "Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcəkdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Yaşıl Dünya naminə Həmrəylik İlinin elan edilməsi dəyərli qlobal təşəbbüsdür və planetin gələcəyi naminə həmrəyliyə xidmət edir. Bildiyiniz kimi, külək və günəş enerjisində böyük potensiala malik olan ölkəmiz artıq alternativ enerji mənbələrini inkişaf etdirir, Avropanın və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir, yaşıl elektrik enerjisinin istehsalı üzrə qlobal layihələr hazırlayır. Bütün bu layihələr və nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin planetin iqlimini qorumaq yönündə davamlı əməli fəaliyyəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəyərli səyləri ilə qırılmaz şəkildə bağlıdır".

Qeyd edək ki, "Gülüstan" sarayında keçirilən sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, ümumən, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri iştirak edir. "Dünya Dinləri Yaşıl Planet Uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə təşkil olunub. Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Xatırladaq ki, sammit 5-6 noyabr tarixlərini əhatə edəcək. Eyni zamanda, xarici qonaqların erməni işğalından azad edilən ərazilərə səfəri də nəzərdə tutulub.

***09:14

Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir.

BAKU.WS xəbər verir ki, tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvenssiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır.

Dini Liderlərinin Qlobal Sammiti Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunur. "Dünya Dinləri Yaşıl Planet Uğrunda" şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin qatıldığı Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.

Tədbir iki gün davam edəcək.

Son xəbərlər