Azərbaycanlı generaldan Ermənistan kəşfiyyatına işləyənlərlə bağlı — SƏRT AÇIQLAMA
Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev Azərbaycanda Ermənistan kəşfiyyatına bağlı bir qrup hərbiçi və mülki şəxsin ifşa edilərək həbs olunmasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, M.Həmzəyev "Ölkə.Az”-a açıqlamasında deyib ki, bu cür halların üzə çıxması ilk növbədə Azərbaycanın xüsusi xidmət orqanlarının uğurudur:
"Müharibə şəraitində olan bu cür hallar baş verə bilər. Ancaq Azərbaycandan olan hansısa şəxslərin bu cür naqis və milli mentalitetə sığmayan hərəkətlərə yol verməsi təəssüfedicidir. Mən bu cür vicdansız və şərəfsiz hərəkətləri Azərbaycan hərbiçilərindən əsla gözləməmişəm. Ümumiyyətlə, Azərbaycan ordusunun tarixində bu cür hallarla rastlaşmamışam. Bunu edənlər çox şərəfsiz və vicdansız, Vətənə, torpağa hörmət etməyən adamlar ola bilər. Çox təəssüf ki, bu cür hallar baş verib. Təbii ki, düşmən kəşfiyyatına işləyən şəxslərin ifşa edilməsi Azərbaycan kəşfiyyatının uğurudur”.
M.Həmzəyev Vətənə xain olan həmin şəxslərin lazımı səviyyədə cəzalandırılacağına əmin olduğunu söyləyib:
"Düşmən çalışır ki, Azərbaycan ordusunu sarsıtsın. Ancaq buna imkan vermək olmaz. Əminəm ki, Azərbaycan ordusu və kəşfiyyatı ayıq-sayıqdır və düşməni zaman-zaman məğlubiyyətə uğradacaq”.
Xatırladaq ki, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir:
"Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək”.
BAKU.WS
Oxşar xəbərlər
Erməni kəşfiyyatına işləyən hərbçilərimizlə bağlı açıqlama
Hərbi ekspert Üzeyir Cəfərov bir qrup hərbçimizin düşmən kəşfiyyatı ilə iş birliyində olması ilə bağlı məlumatları şərh edib. BAKU.WS-in hərbi ekspertin şərh...