"Hər an müharibə başlaya bilər" - Azərbaycanlı general
"Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək".
BAKU.WS xəbər verir ki, bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib.
Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır: "Ermənilərin tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat törətməyə cəhd edir, ya da hansısa yaşayış məntəqəsini atəşə tutur. Buna da nail ola bilmirlər. Azərbaycan Ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alır və alacaq.
İstisna deyil ki, hər an müharibə başlaya bilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var".
Ehtiyatda olan general bildirib ki, ermənilər özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə təxribatlara əl atırlar. Nəticədə düşmən tərəfi itki verərək geri çəkilir.
Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür, Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə, o, daha böyük və ağır itkilərlə üzləşəcək.
BAKU.WS
Oxşar xəbərlər
General: "Ermənilərin “İsgəndər” sevinci başa çatdı"
"Ermənilərin "İsgəndər” operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müda...