Azərbaycan yeni təhlükəli silahlar alır
Prezident İlham Əliyev bununla bağlı müvafiq göstərişlər verdiyini deyib.
"Mən maddi-texniki təminatı daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu yaxınlarda müvafiq göstərişlər vermişəm. Artıq Azərbaycana yeni silahlar, texnikalar gətirilir”.
BAKU.WS-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərlə görüşü zamanı bildirib.
Dövlət başçısı bildirib ki, bu, son bir-iki ay ərzində baş verir: "Bu proses davam etdiriləcəkdir. Bizim kifayət qədər maddi imkanlarımız var və biz bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Yəni, demək istəyirəm ki, bir mənbədən asılı deyilik. Biz bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Əlbəttə, biz gələcəkdə də çalışmalıyıq və çalışacağıq ki, Azərbaycan Ordusuna daim ən müasir silahları və texnikanı gətirək. Əminəm, buna nail olacağıq. Bununla paralel olaraq, əlbəttə, bizim hərbçilərimiz də müvafiq təlim kursları keçərək bu texnikadan istifadə etmək üçün artıq böyük peşəkarlığa malikdirlər və son vaxtlar təmas xəttində baş vermiş hadisələr bunu bir daha təsdiqlədi”.
Prezident deyib ki, Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır: "Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır.
Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam–intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.
Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir.
Biz müharibə şəraitində yaşayırıq və təbii ki, hərbi məsələlərə ən böyük diqqət göstərilir. Bu, bizim gündəlik işimizdə əsas prioritet məsələdir və qeyd etdiyim kimi, dövlət büdcəmizdə də bu siyasət öz əksini tapır.
Biz ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcəyik. Bu məsələ - ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən sərt Qarabağ BƏYANATI: "Biz növbəti iyirmi il də mənasız danışıqlar aparan deyilik"
Heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üs...