Prezident: "Neft qalxdıqca manatın məzənnəsi də qalxmalıdır"

Prezident: Neft qalxdıqca manatın məzənnəsi də qalxmalıdır
İqtisadiyyat 1024

 

"Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət".

BAKU.WS-in məlumatına görə, bunu 2015-ci ilin yekunlarından danışarkən Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik: "İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər".

Prezident vurğulayıb ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir: "Deyirdilər ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndi baxın, yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması – bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstər-istəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə bir dənə də olsun müsbət istiqamətdə gedən proses olmayıb. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq, Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir".

İlham Əliyev bildirib ki, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir: "Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər