Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirilib
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
İclas onlayn formatda və tam tərkibdə keçirilib. Azərbaycan tərəfindən işçi qrupuna xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfindən isə dövlət katibinin müavininin köməkçisi Sonata Koulter rəhbərlik edib.
İclas zamanı avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində imzalanmış STX-nin hazırlanmasına dair Anlaşma Memorandumunda müəyyən edilmiş prioritet sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Xüsusilə, energetika, ticarət, tranzit, regional qarşılıqlı əlaqə, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi investisiyalar, həmçinin müdafiə, təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.
Tərəflər avqustun 8-dən sonra göstərilən istiqamətlər üzrə keçirilmiş ikitərəfli təmasları və müzakirələri yüksək qiymətləndiriblər. Bundan əlavə, bu və digər əsas sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni barədə fikir mübadiləsi aparılıb. Sənədin qısa müddətdə razılaşdırılmasının vacibliyi vurğulanıb.
Görüşün yekunlarına əsasən növbəti iclasın tarixləri və gündəliyi barədə razılıq əldə edilib.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev Azərbaycan Prezidentini təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Prezident İlham Əliyevi təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu....