SİZİN REKLAM BURADA!
055 213 76 73



Dubay-Bakı aviareysi ilə Bakıya gələn Azərbaycan Respublikasının vətəndaşı Muxtarov Nazim Əlimcanoviç “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, ona məxsus əl yükünə baxış keçirilən zaman baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan ümumi sayı 79 ədəd təşkil edən “İphone” markalı, iki ədəd “Samsung” markalı mobil telefonlar, “İphone” markalı mobil telefonlarına aid 3 ədəd qulaqlıq, 5 ədəd adaptor, 19 ədəd boş qutu və 2 ədəd Kinqston markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyən edilib.

Qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı məlum olub ki, Muxtarov Nazim Əlimcanoviç şəxsiyyəti müəyyən olunmuş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə 197120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirib.

Eyni zamanda, müəyyən olunub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu əvvəllər də qulluq mövqeyindən istifadə etməklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Əliyev Rəhman Qasım oğlu ilə birlikdə qeyd olunan şəxslərlə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıblar.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hüseynli Ariz Behbud oğlu və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. Vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.

BAKU.WS