"Əgər Rusiya Türkiyənin İŞİD-dən neft aldığını isbat edə bilməsə, Putin öz postunda dayanmasın".

BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətlərin gərginləşməsindən danışarkən söyləyib. Ərdoğan Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına da toxunub.
 
"Türkiyə olaraq Suriyada baş verənləri görməməzlikdən gələ bilmərik. Bəs Rusiya Suriyada nə axtarır? Oraya getmək məcburiyyətində deyilsiniz. 380 min insanı öldürən qatil Əsədin dəvətinə razılıq vermək məcburiyyətində deyilsiniz. O qeyri-qanuni bir rəhbərlikdir, qanuni deyil. Bunu görməyə məcbursunuz. Bu məsələni mən hörmətli Putinin özüylə çox danışmışam".

Ərdoğan deyir ki, Əsəd rəhbərliyi ölkənin yalnız 14%-ə hakimdir. Bizim üçün Suriyadakı qanuni tərəf Suriya rejimi deyil, Suriya xalqıdır. Türkiyə prezidenti İŞİD-in Əsəd rejimindən bəsləndiyini söyləyib: "Rusiyada son zamanlarda bir dəb var. Guya Türkiyə İŞİD-dən neft alır. Buna özlərini də inandırıblar. Türkiyənin İŞİD-dən neft aldığı iddasını isbat etmək məcburiyyətindəsiniz".
 
Şahin Həbibov
BAKU.WS